Jump to content


- - - - -

Ramiz Həsənoğlu


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:20 PM

Ramiz Həsənoğlu: “Rejissorun obyekti tamaşaçıdır”


ZAMANIN REJİSSORU


Hər bir şeyi yerli-yerində görən rejissor bəlkə elə zamanin özüdü,bəlkə də ən yaxşı tamaşalar da elə onun diktə elədikləridi
Bu fikirlər məni tanınmış rejissor respublikanın xalq artisti Ramiz Həsənoğlu ilə görüşməyə onunla söhbətləşməyə sövq elədi. Adama elə gəlir ki onun qoyduğu tamaşaların rejissoru zamanin özüdü. Bir də ona görə ki bu tamaşalarda bütöv kataklizmlər beyinlərdəki düşüncələrdəki təbəddülatlar vaxtın özü kimi görünür.
Boy-buxunuyla nisbətən iti-iri yerişiylə sakit davranışıyla seçilən bu adamla gorusun ozudə elə zamana baglidi.şair Camal Yusifzadə ilə musahibəmdən sonra onunla dahada yaxindan tanis oldum.Demək olar şair Camal Yusifzadə bizim görüşümüzdə bir körpü rolu oynadı
Geniş təqdimatına ehtiyac duymadığım bu insandan bir neçə suala cavab almalı idim. Söhbətimiz belə başladı


-Rejissorun yazıçıdan fərqi nədədi. Yazıçı yaza bilmədiklərini rejissor tamaşalarında tapa bilirmi? Ümumiyyətlə rejissorluq nədi?
-Rejissor da yazıçı da insan materialı ilə işləyir hər ikisi düşüncə adamıdı. Yazıçının materialı qələm kağız sözdür rejissor isə ortaya bir şey çıxarmaq üçün yazıçıdan aldığı materialı bir neçə sənətin qovşuğundan keçirir. Bu mənada mən hesab edirəm ki rejissor işi daha mürəkkəb sənətdir.
Müqəddəs kitablarda belə bir fikir var. “əvvəlcə söz yaranıb”. Yazıçının yazdığı olmasa heç kim heç nə yarada bilməz. Amma eyni zamanda rejissor öz qalaktikasıyla işləyir yaşayır. Yazıçı əsərində öz dünyasında olduğu kimi. Söhbət təbii ki əsl rejissor və peşəkar yazıçıdan gedir. Rejissura bütün sənətlərin toplusudur. Bütün sənətləri cəm eləyir. Bəzən yazıçının sözünə heç bir söz əlavə eləmədən belə əsəri öz dünyagörüşünə təqdim edir öz versiyasını verir. Yer üzündə “Hamlet”in dəfələrlə tamaşası qoyulub və hər tamaşa əvvəlkindən fərqlənib. Nəyi ilə? Rejissorun verdiyi quruluşla. Amma heç kim Şeksprin mətnini dəyişməyib. Deməli rejissor belə məqamda yazıçıyla tamaşaçının arasında vasitəçidir.. Rejissor təkcə yazıçıyla yox başqa sənətlərin də arasında vasitəçidir. Burada aktyor var musiqi var rəssam işi var son nəticədə tamaşaçı var. Bu tamaşaçı olmasa heç bir tamaşa baş tutmaz. Tamaşaçı çox böyük qüvvədir. Fərq etmir ki tamaşaçı laqeyid yaxud da diqqətli olsun. Bu mənada əlbəttə ki rejissorun obyekti tamaşaçıdır yazıçının obyekti cəmiyyətdi.
-Yaratdığınız obrazlar qabartdığınız məsələlər Azərbaycandan kənarda necə görünür?
-Mən ilk növbədə bu problemləri Azərbaycanın daxilində görürəm. Azərbaycan dünyanın bir parçasıdır. Mənə elə gəlir ki dünyanın hər hansı bir yerində mənim çəkdiyim hər hansısa bir film tamaşa nümayiş olunsa bu istər-istəməz kənarların Azərbaycan mədəniyyətiylə Azərbaycan toplumuyla bir tanışlığı olur. Mənim son işlərimdən biri olan “Cavid ömrü” filmi hansısa bir ölkədə göstərilərsə istər-istəməz bu hər hansı bir formada Azərbaycanın bir təzahürüdür. Hadisələrdən heç vaxt kənarda qalmaq olmaz heç kəs heç vaxt öyünməsin ki mən elə bir sənətin sahibiyəm ki dünya durduqca mən də yaşayacam. Mən müasir Azərbaycan gerçəkliyində yaşayan bir adamam. Klassikaya üz tutanda da təbii ki mən ordakı problemin tamaşaçıda doğuracaq əks-sədasını düşünürəm ən çox da tamaşaçını düşündürmək üçün çalışıram.
-Bugünkü dramaturgiyamızda Əbdürrəhimbəy Haqverdiyevin Cəlil Məmmədquluzadənin əsərləri ilə bir sırada dura biləcək ədəbi material varmı?
-Yəqin ki var. Bilirsiniz necədir? İnsan bir yerdə oturub qəlyan çəkməklə dünyanın işi səhmana düşmür və heç bir iş də görülmür. Ədəbiyyat özü də cəmiyyətin gözünün qabağında yaranıb M.F.Axundovun dramaturgiyası yaranıb və ondan sonra üzü bu yana C.Məmmədquluzadə Ə.Haqverdiyev N.Vəzirov Cəfər Cabbarlı və digər böyük yazıçıların yaradıcılıqları sıralanır. Bu ədiblər hər zaman müasiri olan toplumun düşüncələrni və yaşantılarını əks etdirib. Qiymətləri də bundadı. Əvvəla dəyərli yazıçılar və yazılar çoxdur. Anarın “Ağ qoç qara qoç” əsərini şəxsən gözləmirdim. Amma belə bir əsər yarandı. Ona görə də yaxşı əsərin hər dövrdə yaranması mümkündür.
Mənim nəslim Anarın “Ağ liman”ıyla formalaşıb. Mən də özümü o nəslə aid edirəm. Baxmayaraq ki mən onlardan 10 yaş cavanam. Çox sevinirəm ki ədəbiyyat yavaş da olsa öz işini görür. Bizim çox güclü qələm adamlarımız var. Mən bu yaxınlarda Aydın Talıbzadənin “Kəpənək modeli” romanını oxudum. Vaxtı ilə “Əli və Nino”dan aldığım zövqü ləzzəti bu romandan aldım. Ədəbiyyat durmadan gedir. Başqa bir şey də var. Ədəbiyyat öz dövrünün təzahürüdür. Unutmamalıyıq ki 19-cu əsrdə yaranan ədəbiyyat 21-ci əsrdə yaranan ədəbiyyatdan fərqlidir. İndi artıq digər sənət növləri ədəbiyyatdan bir az başqa şeyləri tələb edir. Ədəbiyyat da bunları nəzərə almalıdır. Maarifçilik dövrü bitdi. Ola bilsin ki indiki nəsil kitab əvəzinə internetdən bəhrələnir. Kitabı o qədər yaxına buraxmırlar. Bir həqiqət budur ki kitabı əlində tutmayan adam ədəbiyyatı heç vaxt yaxın bura bilməz. Kitab ədəbiyyatla insan arasında əvəz olunmaz vasitədir.
-Qurduğunuz tamaşalar çəkdiyiniz filmlər sizə nə verdi?
-Müvazinətı saxlamaq üçün sənətdə sözünü demək üçün -imkan. Mənim seçdiyim sənətlə şəxsiyyətim artıq bir-birindən ayrılmayan bir şəkil alıb. Sənətimlə şəxsiyyətim artıq bir-biriylə hörülüb. Artıq məni sənətimdən sənətimi məndən ayırmaq olmaz. Mən gördüyüm işlərlə özümü təsdiq eləməyə çalışmışam və bundan sonra da özünütəsdiq davam edəcək. İrəli baxmağı xoşlayıram. Keçmişlə öyünmürəm. Amma hərdən keçmiş də köməyə gəlir. Pessimistləşəndə özünə inam azalanda gördüyün işləri gözünün qabağına gətir təskinlik tapmırsansa onda bu sənəti dəyişməlisən.
-Mark Tvenin belə bir fikri var. “Gənclik qüsurlar orta yaş mübarizələr qocalıq isə məyusluq içində keçir”. Bu fikrə yaradan və düşünən Ramiz Həsənoğlunun münasibətini öyrənmək istərdik.
-Qocalanda yəqin mən də bu barədə düşünərəm. Mənim hələ görüləsi işlərim var. Adam yaşı içində hiss eləmir. Güzgüyə baxanda gənclər arasında olanda yaşı hiss edirsən. Mark Tven dahidir onun haqqı çatıb ki belə deyib. Yaş çox qəribə şeydir. Amma həyat davam edirsə deməli hələ qocalmamısan. Qocalığı da tam yaşla əlaqəli hesab etmirəm.
-Quruluş verdiyiniz tamaşalar çəkdiyiniz filmlər yaradıcılığınızın məhsuludur. Deyərdim ki sənətimizlə cəmiyyəti həm maarifləndirmisiniz həm də cəmiyyətə nəsə bir xoşbəxtlik bəxş etmisiniz. Bəs özünüzü bu sənəti seçməkdə xoşbəxt hesab edirsinizmi?
-Mənim yaradıcılığım iki mərhələdən ibarətdir. Maarifləndirici tamaşalırmla yanaşı komediyalarım da var. Bunlar bir-birini tamamlaya-tamamlaya gedir. Amma maarifçi tamaşalarım çoxdur.
Hər şey insan içinin nəyə köklənməyindən asılıdır. Bu gün özünü necə kökləyə bilirsənsə düşündüyünü istənilən şəkildə izah edə bilirsən və onun nəticəsini uğurlu məşqdə uğurlu çəkilişdə görürsən. Ertəsi gün özünü kökləyə bilmirsənsə nə o məşqdən nə də çəkilişdən zövq ala bilərsən heç nəticəsi də səni sevindirməz. O mənada gün-günə oxşamır. İş bir-birindən çox fərqlidir. Heç vaxt deyə bilmirsən ki mən bu gün gedib elə bir şey edəcəm ki bu iş qalacaq. Heç gözləmədiyin anda çəkdiyin yaşayır sənə şöhrət gətirir. Amma sən onu yaradan vaxt heç o barədə düşünməmisən bəlkə də.
Mənim pretenziyalarım çoxdur. Amma bunlar mənim özümə yönəlir yəni səbəbi özümü bilirəm. Yəni gördüyün iş daha səriştəli daha peşəkar olmalıdır. Əsas məsələ isə gördüyün işlərin yaşayıb-yaşamayacaq idi.
1982-ci ildə “Topal Teymur” tamaşasını başlayanda mən özüm uçuruma atana oxşayırdım qəliz işə girişmişdim. Ancaq başa düşürdüm ki bu taleyüklü bir işdir. Doğrudan da bu tamaşa mənim dünya görüşümü dəqiqləşdirdi. Tutduğum istiqamətləri mənə aydınlaşdırdı. Elə işlər də var ki bunlar ancaq etap xarakterli işlərdir. Arxada nə isə var.
-Bildiyimə görə 1971-ci ildən gündəlik yazırsınız. O gündəlikdə sizin üçün ən uğurlu və yaxud uğursuz gün hansıdır? Sirr deyilsə oxucular üçün açıqlaya bilərsinizmi?
-Elə günlər olub lap çox olub. Gündəlik belə bir şeydir ki sən onu kimin üçünsə yazmırsan özün üçün yaddaşın üçün yazırsan. Vaxtaşırı səni özünə qaytarmağa kömək edir. Adam keçmişdən bugündən və gələcəkdən ibarətdir. Mənim o gündəliyim mənim keçmişimdir. O keçmişi hərdənbir səhifələyndə bugün özümü daha konkret hiss edirəm yəni hardan gəldiyimi bilirəm hətta hara getdiyimi də. Bü gün kökləri məlum olmayan adamlar var ki dolaşa-dolaşa gedirlər. Mən prinsipcə sistemli olaraq iş görməklə məşğulam. Gündəliklər də mənə irəli getməyə kömək edir hansı günün pis hansı günün yaxşı keçməyinin əslində fərqi də yoxdur.
-1965-ci ilə qədər siz zavodda çalışmısınız sonra isə sənədlərinizi Mədəniyyət və İncəsənət institutunun “Mədəni-maarif” fakültəsinə vermişdiniz. Maraqlısı odur ki görəsən istehsalatda işləsəydiniz tanına bilərdinizmi? Bugün tanınmış rejissorsunuz fəxr elənməli işləriniz də çoxdur.
-İnsan Allahdan yaratdığı bir varlıqdır. Allahın gözü onun üstündədir. Allah insanı hansısa bir yola yönəldir. Vaxtı ilə anam əlimdən tutub Azərbaycan televiziyasına gətirdi ki heç olmasa işıqçı vəzifəsində işləyim. Onda da yer olmadı. heç operatorluğa da götürmədilər. O vaxtı mənə sual verdilər ki fotodan başın çıxır mən də “yox”- dedim. Qayıdıb dedilər ki onda səndən operator olmaz. Əlbəttə adamlar var ki valideynləri yaxud özləri inadla hansısa bir sənətə gəlir. Mən 16 yaşına qədər bu sənətdə özümü görmürdüm heç düşünmürdüm də. Dünya mənim üçün açıq idi. Heç bilmirdim hara gedəcəm. Təsadüf belə gətirdi ki gəldim burda işlədim. Bu məqamda yadıma R.Rövşəndən bir misra düşdü. Deyir ki
“Bütün yollar gedib çıxır ömrümüzün axırına”.
Hansı yolu tutursansa o yol səni ömrünün axırına çıxardacaq.
-Ən çox kimləri oxuyursunuz?
-Azərbaycanda ən çox Anarı oxuyuram. Ümumiyyətlə mən çox kitab oxumuşam. İndi çox təssüflənirəm ki “Hərb və Sülh” romanını yenidən oxuya bilmirəm. Nə vaxt var nə də ki həvəs. Mən indi daha çox poeziyadan həzz alıram. Tarixi yazıları oçerkləri də çox sevirəm. Amma roman oxumağa artıq vaxt qalmayıb. Hərdən özümü hərəkətə gətirirəm ki məşhurları vərəqləyim. Mən Cavid haqqında film çəkəndə daha çox Cavidin ətrafında baş verən hadisələri öyrənmək üçün oxudum. O dövrlə bağlı kinoxronikaya baş vurdum. Oxuduqların 37-38-ci illəri gözümün qağağına gətirdi. Təbii ki oxumaq vaxt istəyir ömür isə çox qısadı. Ona görə də ömrün boyu maksimum mütaliə etməlisən.
-Anarın adını çox çəkdiniz bəs Ramiz Rövşənlə Vaqif Səmədoğluyla Vaqif Bayatılı Önərlə Mövlud Süleymanlıyla Camal Yusifzadəylə sizi nə birləşdirir? Sadəcə dostluqmu?
-Sizin adlarını çəkmədiyiniz xeyli adamlar qaldı. Millətin bütün işıqlı adamları M.F.Axundovdan üzü bəri və burdan o yana millətə işıq gətirə biləcək kim varsa onların hamısı mənə dostdur.
-Elə adamlar içərisində öz yerinizi möhkəmlədə bilmisinizmi?
-Mən olduğum yerdə gördüyüm işlərlə deyə bilərəm ki yerimi tapmağa çalışmışam. Bəzən alınıb bəzən də yox. Amma əsas odur ki sən öz sənətimin yiyəsi olasan. Sənət təkcə sənin ürəyindən keçənlərlə başa gəlmir. Elə bil ki xaosdan kosmos yaradırsan.
-Bayaq bir balaca yaş haqqında danışdınız. Ramiz Həsənoğlunun yaş haqqında fikirləri necədir?
-İllər ötüb keçir. Yaşanılan ömür arxada yaşanılacaq ömür isə qabaqdadır. Nə qədərdisə elə o qədər də qabağa gedirsən. İnsan ölümsüzlüyə inansa da ölümə tərəf gedir. Amma sənətkar ömrü cismani ömürlə deyil sənət ömrüylə ölçülür. Böyük sənətkarlar sənət əsərləri qoyub gedir və belə yaşayırlar. Ümidim var ki nə vaxtsa mən bu dünyada olmayanda mənim gördüyüm hansısa işlər məni xatırladacaq. Şair demişkən “bir yandan boşalır bir yandan dolur”. Amma sənətkarın cismani ömrü qurtarsa da mənəvi ömrü davam eləyir. Tutaq ki 100 ildən sonra gələn nəsil nə vaxtsa gördüyümüz işləri xatırlasalar deməli ömür davam edir. Yaş isə nisbi məsələdi hər mənada.
-Bu maraqlı söhbətə görə sizə təşəkkür edirəm sizinlə söhbətləşməyi vacib bilirdim. Sağ olun.
-Siz də sağ olun.

Savalan Talibli
azerbaycan radiosunun emekdasi,jurnalist
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users