Jump to content


- - - - -

Qəni Camalzadə


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:44 PM

SÖZ DÜNYANIN İLK KƏŞFLƏRİNDƏNDİR


Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı



Qəni Camalzadə “Mən dünyanı türkcə, Azərbaycan türkcəsində görürəm“


Böyük ingilis yazıçısı Bernard Şou satira haqqında belə söyləyib «Ağıllı və ədalətli satira həmişə və hər yerdə qanundan güclüdür». Bu statı əbəs yerə xatırlatmıram. Bugünkü yazımın qəhrəmanı da satira ustasıdır. 30 ildən artıqdır ki, ədəbiyyata qulluq edir. Tanınmış yazıçı Məmməd Oruc isə onun yaradıcılığını belə qiymətləndirir: «Qəni Camalzadə ədəbiyyata nasir kimi gəlib, hələ Sovetlər zamanında «Yaxşı oğlanın dayısı» adlı hekayələr kitabını çap etdirib». Artıq müsahibin kim olduğunu bildiniz və ona ünvanladığım sualların cavabları isə yəqin ki, az-çox ədəbiyyat adamları üçün də maraqlı ola bilər

-Qəni müəllim, xoş gördük sizi, 2008-ci il yazıçı Qəni Camalzadəyə nə verdi, yadında-yaddaşında necə yadda qaldı?

-2008-ci il deyərdim ki, mənim üçün uğurlu il olub. Allahın köməkliyi ilə hekayələrdən ibarət kitabımı və romanımı dərc elətdirdim. Sonra oğlumu evləndirdim, Azərbaycan Dövlət Televiziyasında, radiosunda, eləcə də sizin apardığınız verilişlərdə qonaq oldum, mətbuat səhifələrində yazılarım göründü. Belə hesab edirəm ki, yaradıcılıq baxımdan uğurlu il oldu demək olar, ancaq çatışmayan nələrsə də az deyildi. Bunlarsız da həyat mümkün olmur. Hər bir şey yerində olsa, bəlkə də həyat çox maraqsız olar. Bu il bir növ özüm-özümə yaradıcılıq hesabatı verdim. İndiyə qədər elədiklərimi yazıb-pozduqlarımı saf-çürük elədim.

-Bəs 2009-cu ildən nə gözləyirsiniz? Vaxta hazırlığınız necədi?

-Bu yeni ildə də təbii ki, yaradıcılıqla məşğul olmaq istəyirəm. Ancaq Allah Talanın məsləhəti nə cür olacaq onu bilmirik. Əslində heç nəyi proqramlaşdırmaq olmur. Bir roman üzərində işləyirəm, demək olar ki, hazırdır. Bilirsiniz, məni ədəbi prosesdə əsas maraqlandıran insanın nə cür dəyişməsidi. Bu dəyişilmə prosesində insan cəmiyyətə nə cür təsir eləyir və cəmiyyət insana nəyi təlqin eləyər, onun özünü necə dəyişdirir. Məncə bu ədəbiyyatın daima məşğul olduğu məsələlərdəndi. dəyişənə nə cür təsir edir.

-Söhbətinizi cəmiyyətin necə dəyişməsinə gətirdiniz. Görəsən bu qədər faktlarla yazılanlar romanlar, hekayələr, povestlər daha neçə-neçə janrlarda yazılan yazıları cəmiyyətə təsir gücündədimi? Və yaxud yazılanları cəmiyyət necə qarşılayır. Yoxsa çaxçax başını ağrıdır, dəyirman öz bildiyini eləyir.

-Ədəbiyyat təbii ki, söz sənətidir. Söz haqqında istənilən sayda fikir var. İnsan yaranandan sonra deyək ki, odu kəşf eləyib, sonra, qaya üstə rəsmlər çəkib, sonra gəlib çıxıb sözün kəşfinə. Demək olar ki, söz insanın ən qüdrətli kəşfdir. Bundan sonra hamı sözün dalınca gedib. Sözün dalınca qəbilə başçıları da, şahlar da, Fatehlər də gediblər. İstəyiblər ki, söz adamları da bunların dediklərini desinlər. Bu cəmiyyətin görünən tərəfləridir. Əsil sənət isə, mənə elə gəlir ki, dediklərimizin fövqündə dayanmalıdır. Onlara istədiyini yox, lazım olanı deməlidir. Bax bu yerdə artıq ədəbiyyat yaranır. Ədəbiyyat deyir ki, baca tutulub, tüstü içəri təpir. Bunu demək ədəbiyyatın borcudu, ancaq ədəbiyyat tutulan bacanı təmizliyə bilməz. Cəmiyyəti tənzimləyən təmizləməlidir. Söz isə bütövlükdə cəmiyyətə təsir etmə gücündə olmalıdı. Əlbəttə, ədəbiyyatla, sözlə cəmiyyətə təsir etmək olar, elə olur da. Cəmiyyət özü də sözə nizam verməlidi. Təsir əks təsirə bərabər olanda, iş alınır, hadisə olur. Bu gün cəmiyyətdə söz sənətinə meyl azalıb. Ona görə də heç kəs heç kəsin kitabını oxumur, heç kim heç kimin də sözünü eşitmir. Bu yerdə xaos hökm sürür. Uzun illər oxucuya buğdanı saman qarışıq yedizdiriblər. Bu gün oxucu yoxdusa bu bizim köhnə günahlarımız ucbatındadı. Ümumiyyətlə oxucu pis ədəbiyyatdan bezib və bu gün də oxumaq istəmir. Yəni tarazlıq pozulub, yəni sözün cəmiyyətə, cəmiyyətin sözə təsiri. -Sizin yazdıqlarınızdan kimsə nəsə götürübmü, öyrənibmi və yaxud siz yazdıqlarınızla cəmiyyətə təsir göstərə bilmisinizmi? Təbii ki, sizin yanaşma üsulunuz satiradır. Mən sualı niyə belə qoydum, çünki, satira ağır yemdi, çətin həzm olandı. -Əgər oxumursa heç kim heç nə götürmür. Bayaq da qeyd etdim ki, ötən illərə baxanda Azərbaycanda oxucu qıtlığı var. Bugün kitablar çox olsa da oxucuları azdır. Məşhur Fransız yazıçısı Flader deyirdi ki, mən özüm üçün yazıram, dərc olunmaq üçün yazmıram. Ancaq sonralar o, məcbur oldu «madam Bavarini» çap elətdirdi. Sonra onu məhkəməyə verdilər. Əsərdə bir neçə fransız aristokratının adı çəkildiyinə görə. Oxucunun oxumaq, öyrənmək arzusu azalıb, baxmayaraq ki, yaxşı əsərlər var. Amma bunlar ötəridi. Hər şey öz qaydasına düşəcək. Elə satira da çətin janr olsa da oxunacaq, həmişə oxunub, lap gizlində olsa da.

-Siz ədəbiyyata satirayla gəlmisiniz. Yumorla satirayla cəmiyyətin mənfi çalarlarını yəqin ki, «döymək», yox eləmək istəmisiniz, eləmi?

-30 ildi ki, satirayla məşğulam. Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında maraqlı olan bütün yazıları oxumuşam. Belə bir nəticəyə gəlmişəm ki, satira və yumor ədəbiyyatın şikəst bir qoludur. Ona görə ki, satiranı heç kim həzm eləmək istəmir. Amma həmişə satirik yazıçılara önəm vermişik. M.Ə.Sabir, C.Məmmədquluzadə, Salam Qədirzadə, Seyfəddin Dağlı, bunlar ədəbiyyatda olublar, bugün də ədəbiyyatda qalırlar. Ancaq onlar da sağlıqlarında böyük əziyyətlər çəkiblər. Onların dediyi acı dərman kimi olub. Xəstə dərmanı qəbul eləməlidi ki, sağala bilsin. Bax, bu əsas məsələdi. Satirayla cəmiyyətə təsir etmək də bayaq söylədiyim kimi olur, amma ağacın bir ucu bu satiraçıya dəyir.

-Qəni müəllim, bayaq yeni kitabınızın nəşrinnən danışdınız. Kitabınızı oxumuşam, maraqlıdır. Kitabın əvvəlindən bir neçə cümlə diqqətimi daha çox çəkdi. İstəyirəm sizdən sitat gətirim və siz özünüz söyləyəcəyim fikirə aydınlıq gətirəsiniz. Qeyd edirsiniz ki, «30 ildir ki, satirayla məşğulam. Satira və yumorla ülfət bağlayanda gözümün altına çox şeyi almışdım, amma səhv elədim. Demə hər şeyi nəzərə almamışdım». Maraqlıdır nədə səhv eləmisiniz?

-İnsan ümumiyyətlə öz günahlarını heç vaxt tam boynuna almır. Bu bəlkə də mümkün də deyil. Ona görə də bu səhvlər haqqında danışsaq da natamam alınacaq. Çünki səhvləri araşdırmalı olsaq, təbii ki,dolaşığa düşə bilərik. Ancaq satiraya başlamağım haqqında bir neçə kəlmə deyə bilərəm. 1976-cı ildə birinci hekayəm çıxDı. «Ədəbiyyat və incəsənət» qəzetində. Bu mənim üçün bir hadisə idi. O vaxt redaktor qolumdan tutdu və bütün redaksiyanın əməkdaşlarıyla tanış elədi. Hekayənin uğurlu olması öz təsirini eləmişdi. Daha sonralar «Ədəbiyyat və incəsənət» qəzetində hekayələrim dalbadal çıxDı. «Kirpi», «Azərbaycan» jurnalında da hekayəm çap olundu. Mən o vaxt Texniki Universitetin tələbəsi idim, tələbə olanda hekayələrimin dərc olunmasına görə mənə oxudum universitetdə hörmət edirdilər. Çünki texniki ali məktəbdə yazıçılıqla məşğul olanlar barmaqla göstərilərdi. Bu hekayələrdən sonra «Yaxşı oğlanın dayısı» adlı kitabım çıxDı. Məndə satiraya, ədəbiyyata münasibət həddindən artıq ciddiləşdi. Çalışmışam ki, hekayələrimdə təkrarçılıq etməyim öz dəsti xəttim olsun. Mənim satira və yumorla məşğul olmağım artıq 30 ilə yaxındır dedim.bəlkə də ən böyük səhv elə satirayla məşğul olmaqdı. Bəlkə də şair olsaydım, yaxud da aşıqlıq eləsəydim daha uğurlu olardı. Satirik yazıçı olmaq bayaq dediyim kimi, həm də topik yeməkdir. Çünki insanın natamam çalarlarını, daxilində olan qüsurları üzə çıxartmaq elə bir fəxrli iş də deyil. Ancaq bəlkə də ən lazımlı işdə elə budu.

-Qəni müəllim, siz əslən cənub bölgəsindənsiniz. Cənub bölgəmizin özünə məxsus kolariti folklorumuza daha yaxınlığı bəllidi. Yaradıcılığımızda da folklor qaynaqlarına rast gəlmək mümkündür. Diliniz şirindi, təhkiyəniz, ləhcəniz seçilir. Folklor obrazları çox işlədirsiniz. Yazıçı folklor,bu əlaqə haqda nə demək olar?

-Əvvəla onu deyim ki, mən əslən talışam. Ana dilim talış dilidir. Lakin mən dünyanı türkcə, Azəri-türkcəsində görürəm. Mənim dünyanı dərkim, fəlsəfi qavramam, obrazlar sisteminin rəngləri Azərbaycan dili sayəsində mümkün olub. Bu belə. Qaldı hər iki folklor bu bölgədə qovuşuqdu, istər cənub bölgəsinin folkloru, ayrılıqda talış folkloru, istər bütöv Azərbaycan folkloru qohumdurlar. Bu qohumluq özünü nağıllarda, dastanlarda, sınamalarda, bayatılarda inamlarda özünü göstərir. Talış folkloru da bütövlükdə Azərbaycan folklorunun tərkibidi desək səhv olmaz. Azərbaycan folklorunu, dastanlarını, Aşıq ədəbiyyatını bilmədən Azərbaycan yazıçısı olmaq mümkün deyil. Bu isə yazıçının qanına hopmalıdır. Əgər hopmursa heç nə alınmayacaq. Folklorsuz böyük ədəbiyyat yoxdu.

-Mişel De Servantes söyləyir ki, hələ elə bir əsər yazılmayıb ki, bütün oxucuları razı salsın. Bu fikirə münasibətiniz necədi?

-Bu fikirlə qismən razı olmaq olar. Xüsusiylə Don Kixotu oxuyandan sonra bu qənaətə gəlmək olar, çünki bu əsəri hər adamın bəyənməyəcəyini demək olmaz. Çünki Don Kixotu oxumaq üçün böyük səbr lazımdır. Bizdə elə şairlər, söz sahibləri var ki, hamı tərəfindən bəyənilir və oxunur. Sabiri necə bəyənməmək olar. Eləcə də Vaqifi, Hüseyn Cavidi. Elə şey ola bilərmi ki, kimsə Sabiri bəyənməsin. Sabir söz qədər qədimdir. Onun satirasının da mayasında məhəbbət durur.

-Çinlilərdə belə bir atalar sözü var. Bir dəqiqə də olsa özünüzə vaxt ayırın. Qəni müəllim sonda bizə ayırdığınız vaxta görə təşəkkür edirəm.

Eləcə də ünvanladığım sualların cavabına görə.

-Siz də çox sağ olun. Mənə maraqlı suallar verdiyiniz üçün.

Burdaca yazıma sonluq gətirmək istəyirəm. Qəni Camalzadəylə ədəbiyyatın cəmiyyətə təsirindən danışdıq. Az-çox söhbətimiz alındı. Bu da son. Sonluğu isə belə yekunlaşdırmaq istəyirəm. Napaleonun təbirincə desək son sözü həmişə cəmiyyət deyir.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users