Jump to content


- - - - -

ÇOXDAN YAZMAQ İSTƏDİYİM YAZI


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:46 PM

ÇOXDAN YAZMAQ İSTƏDİYİM YAZI


Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı

Deyirlər ki, üzməyi ancaq dərin sularda öyrənə bilərsən. Doğrudan da həyat üçün, yaşamaq üçün lazım olan amillərdən biri də üzə bilməkdi, üzməyi bacarmaqdı.. Əslində üzgüçülük özü də bir elmdi, həm də dərin elmdi. Əslində hər bir elmin insan həyatındakı rolu üzgüçülük qədərindədi. Elmsizlik həyatı tam uçura bilər. Bu mənada elmlə üzgüçülük arasında tam eyniyyət var. Necə deyərlər insan öyrəndikcə öyrənər.
Sokratın təbirincə desək, kamil üzgücü olmaq üçün mütləq dərin sulara baş vurmaq lazımdır. Bir var öyrənmək, bir də var, öyrətmək. İnsan öyrənə-öyrənə, həm də öyrədənə çevrilir. Əbəs yerə deyil ki, bir çox türk xalqlarının dilində müəllimə «öyrətçi» deyirlər. Bir sözlə, öyrədən həmişə böyükdü. Çünki o kamildi. Mən də hamı kimi öz növbəmdə öyrəndiyim insanlara borcluyam. Bu yerdə də, səhv etmirəmsə, Sokratın sözüdü, imdada gəlir. Valideynlər bizi göydən yerə endirdi, müəllim isə yerdən göyə qaldırdı. Bu sözlər müəllim ucalığının ifadəsidi. Böyük peyğəmbərimizin uca kəlamı da bu fikrin həyatiliyini ifadə edir. «Beşikdən qəbir evinəcən öyrənmək..»
Çoxdandı ki, mənə ali təhsil verən təhsil ocağından yazmaq istəyirəm. Əslində bu yazı çoxdan yazılmalıydı. Bu günə qədər yaza bilməməyimin səbəbi həm də mövzu qarşısında məsuliyyət hissidi. Bu məsuliyyət hissini Odlar Yurdu Universitetinin rektoru, professor, hörmətli müəllimimiz Əhməd Vəliyev haqqında söz demək istəyim daha da artırır.
Orta məktəbdən sonra, tale məni Odlar Yurdu Universitetinə bağladı. Dörd illik tələbəlik həyatımın ən xoş, maraqlı günləri Odlar Yurdu Universitetində keçdi. Bir il əsgərlik. Yenidən Odlar Yurdu Universiteti. Magistr təhsili.
Odlar Yurdu Universitetinin tarixi çox da qədim deyil. Bu universitetin yaranması ölkəmizin müstəqilliyindən sonrakı dövrlərə təsadüf eləyir. Odlar Yurdu Universiteti digər müstəqil ali təhsil ocaqları kimi həm də müstəqil ölkənin yaratdıqlarıdı. Açığını desək, beş-on il əvvəl belə müstəqil, özəl ali məktəblərə bir qədər «başqa cür» baxılırdı. Yəni özəl kimi Ölkə dirçəldikcə, öz müstəqilliyini bərpa və təmin elədikcə özəl ali məktəblərdə də dönüş və inkişaf başladı. Bu dönüşün, inkişafın önündə isə həmişə mənim təhsil aldığım, nəinki ölkəmizdə, hətta deyərdim ki, Qafqazda, Rusiyada, Avropada fərqlənən, özünü təsdiqləyən Odlar Yurdu Universiteti oldu. Bu Ali məktəbin yaradıcısı, qurucusu məhz fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyevdi. Universitetin inkişafı mərhələlərdən keçib. Əvvəl yer və bina baxımından.
Vaxtı ilə Bakı-Sənaye Pedoqoji texnikumun, sonralar Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərsu Kanallayihə İnstitutunun binalarında yerləşib. İlk dərslərə başlayıb. Hal-hazırda Universitet dünya standartlarına cavab verən müasir təhsil korpusunda fəaliyyətdədir. Gözəl bir atalar sözü var, görünən dağa bələdçi nə lazım. Bu doğrudan da belədir. İndi Universitetin əzəmətli, yaraşıqlı binası var. Bu binanın yaradıcısı da Əhməd müəllim özüdü. Bu ali təhsil ocağında təqdirə layiq zəhmətkeş kollektiv, professor-müəllim heyəti var. Universitetin binası dünya universitetləri standartında olduğu kimi, təchizat da, auditoriyaların quruluşu, düzəni də, tədqiqat laboratoriyaları da, elm-təhsil mərkəzi, kafedralar da demək olar ki, yüksək standartdadı. Dərslər-məşğələlər yüksək keyfiyyətlə aparılır. Demək olar ki, bu ali məktəb «özəl» standartı düşüncəsini çoxdan keçib, layiqli kurs götürüb. İndi ölkə ali məktəbləri sırasında ön yerə çıxıb.
Bu sirr deyil ki, təhsil millətin, xalqın yetişməsində birincidi. Bu fikrin söylənilmə tarixi, hardasa qoca dünyayla yaşıddı, desək yanılmarıq. Amma fikir köhnəlmir, özünü doğruldur günü-gündən zamanla ayaqlaşır, yeniləşir. Artıq 21-ci əsrin sakinləriyik. Bu kosmos, texnika, internet əsrinə isə biz daha çox hazır olmalıyıq. Əks təqdirdə qabağa getmək mümkünsüzdü. «Təhsil millətin gələcəyidir», -bu fikri ümummilli liderimiz H.Əliyev bir daha təsdiqlədi.
Bugün respublikamızda təhsilin inkişafıyla bağlı xeyli böyük işlər görülür. Millət vəkili H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təhsilə qayğısı isə göz qabağındadı. Ən ucqar rayonlarda müasir tipli məktəblərin istifadəyə verilməsi xalq tərəfindən yaxşı qarşılanır. Onu da demək yerinə düşər ki, hələ ki, təhsil sahəsində görüləcək işlərimiz daha çoxdu. Bu işlərin yerinə yetirilməsi, yoluna qoyulması isə fədakarlıq tələb edir, bu iş fədakarların işidi.
Mən yenə də sevimli universitetimdən danışmaq istəyirəm. Odlar Yurdu Universitetinin qabaqcıl universitet olduğundan qısa da olsa danışdım. Bu qabaqcıllıq özünü bir çox aspektdən göstərir. Bu gün universitetdə respublikanın tanınmış ziyalıları, elm adamları dərs deyir, mühazirələr oxuyur. Universitetdə bir çox məşhurların adlarına təqaüdlər var. Əlaçı tələbələr, təqaüdçülər isə çoxdu. Universitetin elektron kitabxanası və xarici universitetlərlə əlaqə saxlaması universitetin nüfuzunu gündən-günə artırır. Dünyanın ən məşhur elm adamları ilə əlaqələr yaradılır. 1998-ci ildə qeyri-səlis məntiqin atası sayılan dünya şöhrətli alim Lütfizadə universitetin fəxri doktoru seçilib. Lütfizadəylə yanaşı Odlar Yurdu Universitetinin fəxri doktoru seçilənlərin, bir neçə alimin adlarını qeyd etmək istəyirəm. 2004-cü ildə Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Batumi Kənd Təsərrüfatı İnstitutunun rektoru, professor Kezo Cabikidze, 2004-cü ildə, 2005-ci ildə ABŞ-ın Corciya Dövlət Universitetindən C.Mak Robinson adına Biznes Kollecinin rektoru, professor, Fenrik Hass, ABŞ-ın Nyu-Meksika Universitetinin professoru Bijan Fazlallasi, 1998-ci ildə «Nasa»-nın İdarəetmə institunun direktoru Məhəmməd Cəmşidi, 2000-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Universitetin fəxri doktoru adlarını almışlar. Bu sıranı çoxaltmaq mümkündür. Əlbəttə bunlar universitetin tarixində tarixi bir hadisədi. Adlarını qeyd etdiyim dünya şöhrətli alimlər bu universitetin fəxri doktorları olmaqla universitetlə elmi əlaqələrin davam etdirir. Həmyerlimiz, zəmanənin böyük alimi, qeyri-səlis-məntiqin atası sayılan Lütfizadə kimi bir alimin adına, dediyimiz kimi, təqaüd təsis edilib. Bu dediklərimiz və sadaladıqlarımız faktların cüzi bir hissəsi olsa da əlbəttə universitetin uğurlarının göstəricisidı. Bu uğurların sükanında isə professor, millət vəkili Əhməd Vəliyevdir.
Universitetimiz bugün dünyanın aparıcı universitetləri, elm təhsil ocaqlarıyla sıx əlaqədədir,-dedik. Almaniyanın Zigen Universitetiylə, Türkiyə və Şimali Kiprin universitetləriylə, ABŞ-ın Corciya Dövlət Universitetiylə münasibətlər universitetin stimulunu daha da zənginləşdirir. Onu da deyək ki, universitet belə ali məktəblərlə çoxlu tələbə mübadiləsi eləyir.
Əhməd müəllimin tələbələrə olan qayğısı xüsusi bir diqqətçəkən mövzudu. Ermənistandan, Qarabağdan qaçqın düşən imkansız, maddi baxımdan zəif əlil-şəhid ailələrdən olan tələbələrə təhsil ödənişində çoxlu güzəştlər edilir, bəzən təhsil haqqı tam bağışlanır, bu güzəştlər, bağışlamalar indi də var. Ödənişlə qəbul olunan tələbə əgər birinci kursun birinci semestirində əlaçı oxuyursa, tələbə ödənişdən ya tamam azad olur, ya da ödəniş yarıdan da çox azaldılır. Rektorun bu qayğısı, bu müsbət keyfiyyəti, əlbəttə, bütövlükdə dövlətə, dövlətçiliyə xidmət deməkdi. Kim bilmir ki, Azərbaycanın bu müharibə şəraitində yaşadığı bu vəziyyətində belə adamlara edilən xeyirxahlıq, hardasa xeyriyyəçilik, bir daha vurğulamaq istəyirəm ki, dövlətçiliyimiz üçün ən vacib işlərdəndi.
2005-ci ildə Əhməd müəllim Milli Məclisə deputatlıq üçün namizədliyini irəli sürmüşdü. Bakı şəhəri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Əhməd müəllimin seçiciləri arasında tələbələri və tələbələrin valideynləri də çoxluq təşkil edirdi. Belə yığıncaqlarda namizədlərlə görüşlərdə mən də kütlələr arasında çox olurdum, sadəcə müşahidə üçün və müqayisələr aparmaq üçün. O sadəcə vədlər eləmirdi. O gördüyü işlərnən meydandaydı. Görəcəyi işlərə isə adamlar çox inanırdı. O vaxt, soyuq noyabr ayında, tələbələr valideynlər rektora dəstək oldular. O, tələbələrin arasında universiteti güzəştlə bitirən tələbələr daha çox idi. Suraxanı rayonu sakinlərinin dəstəyi nəticəsində bugün hörmətli professorumuz millət vəkili kimi fəaliyyət göstərir. Bu mandat ona daha mühüm işləri görmək üçün dəstək olur. Bu gün baş ucalığı ilə demək olar ki, Suraxanı rayonu bir qədər problemli rayon olsa da, sakinlərin məişətlə bağlı, küçə, yol-iz sarıdan şikayətləri azdı. Bu rayonun öhdəsinə qaçqınların ağır məişət məsələləri də daha çox düşüb. Əhməd müəllimin bir ağsaqqal qayğısı, köməyi, səriştəsi burda da özünü göstərir. Ehtiyacı olanlara əl tutulur. Problemlər yerindəcə öyrənilir, həll edilir.
Mənim kimi yüzlərlə, minlərlə tələbənin üzərində əməyi, zəhməti olan bu qayğıkeş, zəhmətkeş insana daha böyük uğurlar arzu edirik.
Necə deyərlər, bir gəminin yaxşı kapitanı varsa o, gəmi okean sularında üzməyə qadirdi, məqsədə çatmağa da. Millət vəkili, professor Əhməd Vəliyev qətiyyətli kapitana bənzəyir.
Onu da deyim ki, bu yazıda Əhməd müəllimin gördükləri böyük işlərin hamısını yazmağı qarşıma məqsəd qoymamışdım. Onun dünyanın aparıcı alimləriylə yaradıcılıq əlaqələrini, ən möhtəşəm elmi simpozium və toplantılarda elədiyi məruzə və çıxışları, başçılıq elədiyi Ali məktəbdə görülən bütün işləri sadalamalı olsaq, təbii ki, böyük bir kitaba sığmaz.
Bu yazını hörmətli müəllimim, xeyirxah ağsaqqalımız, millət vəkili, OYU-nin rektoru Əhməd Vəliyevə, ancaq Yeni il təbriki kimi ünvanlayıram.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users