Jump to content


- - - - -

Dilin qayda qanunlarını qorumaq, dili yaşatmaq hamımızın borcudur


  • You cannot reply to this topic
2 replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:52 PM



Dil ünsiyyət vasitəsidir. Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir. Ən çətin fikirləri ifadə etmək gücünə malikdir. Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib. Bugün müstəqil Azərbaycanımızın dövlət dili Azərbaycan dilidir. Sevindirici bir hal kimi qeyd etmək istərdim ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar. Burada maraqlısı odur ki, əcnəbilər, avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar, amma biz öz tarixi keçmişimizə bəzən laqeyid oluruq, dilimizin yüksək üstünlüklərinin fərqinə varmırıq.

Yaponiyanın, Amerikanın səfirləri doğma dilimizdə sərbəst danışır. Fikir və düşüncələrini səlis ifadə etməyi bacarır. Ən əsas da dilimizin normalarına riayət edirlər. Yaponiyanın, Amerikanın səfirlərinin dilimizdə danışmaları bizləri sevindirir. Ancaq dilimizə balta vuranlara belə bir söz demək istərdim. Əcnəbiləri bizim dilimizdə danışan görəndə, görən həmin azərbaycanlılar xəcalət çəkirmi? Heç olmasa həmin əcnəbilərdən utanırlarmı? Bu tip insanlar özlərini necə, nə əsasa azərbaycanlı adlandırır. Çox maraqlıdır, Azərbaycanda yaşayasan, işləyəsən ancaq azərbaycanca danışmayasan, ya da pis danışasan.
Belə insanlara başa salmaq lazımdır ki, bura Azərbaycandır və dövlət dili də Azərbaycan dilidir. Biz nə SSR-i dönəmində yaşamırıq, nədə ki, Avropada. Hamı yaşadığı dövlətin dilində danışmalıdır.
Dilimizi qorumaq, lüğət tərkibində olan sözlərdən gen-bol istifadə etmək, zəngin bir dillə danışmaq hər bir azərbaycanlının borcudur. Hər halda dilimizə bəzən laqeyid münasibəti görüb Azərbaycan Dövlət Pedoqoji universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovla görüşdüm. Dilimizlə bağlı yaşanan qaranlıqlara dilçi alim geniş aydıqlıq gətirdi.
-Buludxan müəllim, siz APİ-nin filologiya fakültəsində dekansınız. Dilimizin keşiyində dayanan bir alim kimi sizin bugün dilimizə yad münasibət bəsləyənlərə münasibətiniz necədir? Bugün Azərbaycan dilinin işlənmə səviyyəsi nə yerdədi və yaxud tez-tez ictimaiyyətdə bəzi insanlar nitqlərində əcnəbi sözlərdən istifadə edirlər. Elə insanlarla qarşılaşırıq ki, Azərbaycan dilindən başqa bütün dillərdə danışırlar, ancaq yarı-yarımçıq. Dilçi alim kimi dediklərimizə münasibətinizi bilmək istərdik.
-Əvvəla, doğru qeyd etdiniz. Rusca, ingiliscə sözlərdən danışıq vaxtı istifadə edənlərlə, daha doğrusu, «zəngin lüğətlərində» əcnəbi sözlərdən istifadə edən, bəzi azərbaycanlılarla çox tez-tez qarşılaşırıq. Dil bilmək gözəldir, ancaq ana dilini bilməmək doğma dildə danışmamaq ən azından günahdır. Dilə hamının ehtiyacı var. Ü.Hacıbəyovun felyetonlarında, C.Məmmədquluzadənin və bir çox klassiklərimizin əsərlərində ana dilimizin həm gücünü, həm də təravətini çox görürük. O klassiklər, dahilər ona görə sevilirlər ki, onlar azərbaycanca yazıb yaradıblar. Azərbaycan dilinin bütün imkanlarından istifadə ediblər. Bizlər ana dilimizə borcluyuq. Klassiklərimiz də ana dilimizə borcludurlar. Onların əsərlərini oxuyub həyatı, məişəti öyrənmişik, dünya mədəniyyətinə qovuşmağın yollarını dərindən mənimsəmişik. Dil vacib bir sahədir, dilə hər bir kəsin təssübkeşliyi olmalıdır. Hamı namusa, qeyrətə yanaşdığı kimi dilə də belə münasibət bəsləməlidir. Dil həm də dövlətin atributudur. Azərbaycan dili öz inkişaf mərhələsində keçməkeşli bir yol keçib, bu şəkildə bizə gəlib çatıb. Bu dilin qayda qanunlarını qorumaq, dili yaşatmaq hamımızın borcudur.
Müstəqillik dövründən sonra dilimizin statusu daha da genişlənib. Artıq Azərbaycan dili dövlət dilidir. Azərbaycan dili vasitəsiylə dünyanın ayrı-ayrı ölkələrində rəsmi danışıqlar aparılır. Ticarət, iqtisadiyyat işləri qurulur. Dilimiz beynəlxalq tribunadan səslənən bir dildir. Bunlar yaxşı keyfiyyətlərdir. Biz dilimizin lüğət tərkibinin təmizliyinə də fikir verməliyik. Siz məsələni köklü qoymusunuz. Dilimizin təmizlənməsi üçün bizə vaxt lazımdır. Birincisi mətbuatdan, televiziya kanallarından, radio efirlərindən başlamalıyıq. Yeri gəlmişkən deyim ki, sizin çalışdığınız Azərbaycan Dövlət Radiosunun Xalq Yaradıcılığı Redaksiyasının hazırladığı verilişlərə fikir verək. «Bulaq», «Dastan saatı», «İpək yolu», «İrəvan çuxuru», «Gündoğandan-günbatana», «Qərib axşamlar, «Xeyrə qənşər» və s. Bu verilişdərdə tarix də, mədəniyyət də, mənəviyyat da, eləcə də dil də qorunur. Həmişə tələbələrimə
azərbaycanca səlis, gözəl danışmaları üçün bu verilişləri dinləməyi məsləhət bilirəm.
Əcnəbi sözlərlə danışanlara, televiziya-radio efirlərində və mətbuatda dilimizə laqeyd münasibət bəsləyənlərə süni dəbdən uzaq olmağı arzulayıram. Bir sözlə dili tək dövlət yox, həm də xalq özü qorumalıdır. Bu qəzetlərdə, televiziya-radio efirlərində çalışanların bir qisminin jurnalistikadan xəbərləri yoxdur. Həm təhsil baxımdan, həm də bir az ağır desək, mədəniyyət və etik baxımdan. Savadsızlıq və ədəbsizlik cəm olan yerdə çox böyük fəsadlar olur. Qəzet, jurnal, radio, televiziya ondan ötrüdür ki, xalqı maarifləndirsin. Əgər bugün bunlara əməl olunmursa, bunun qarşısı alınmalıdır. Heç kəsin dilimizdən kənar söz işlətməyə haqqı yoxdur, dil tribunadır, güzgüdür. Ona görə də təmiz və nümunəvi olmalıdır. Qaldırdığınız bu məsələ olduqca mənalı və məzmunludur. Özünü vətəndaş hiss edən hər bir kəs dili qorumağa xidmət etməlidir. Çünki biz bu dil vasitəsiylə ünsiyyət qururuq. Dil həm də bizlərin özüdür, tarixidir, köküdür, ən əsası da gələcəyidir.
-Buludxan müəllim, növbəti sualım əlifbayla bağlıdır. Bugünə kimi biz bir neçə əlifba dəyişmişik. İlk qədim əlifbamız da bildiyiniz kimi piktoqrafik əlifba olub. Soruşmaq istəyirəm əlifbadan əlifbaya keçiddə itkilərimiz hansı miqyasda olub.
-Çox böyük itkilər olub. Sizə deyim ki, biz qürur hissi ilə deyə bilmərik ki, tez-tez əlifba dəyişmişik. Bu fəxr olunası iş deyil. Əliybanın dəyişməsi çox böyük fəsadlar törədir. Birincisi, düşüncə tərzi dəyişir, dilin qayda qanunlarında hərc-mərclik yaranır. Əlifbanın bir əsrdə bir neçə dəfə dəyişməsiylə nəsillər arasında körpü əlaqəsi sınır. Məsələn, bugün biz latın əlifbasından istifadə edirik, amma kiril əlifbasında yazılan kitablar, dəyərli əsərlər itib batır. Əlifba təkcə məktəb uşaqları üçün deyil, əlifbanı hamı öyrənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, əlifbadan əlifbaya keçid olanda əlifbanı hamı, bütövlükdə kütlə öyrənə bilmir. Əlifba dəyişkənliyində bu məsələləri nəzərə alıb çox ehtiyatlı olmaq lazımdır. Bugün sevindirici haldır ki, latın əlifbasıyla bizim cənab prezidentimizin sərəncamı əsasında ədəbiyyatlar çap olunur. Bu, çox gözəldir. Dilə, ədəbiyyata dövlət qayğı göstərir. Qoy tale bizlərə bir də əlifba dəyişikliyi qismət eləməsin.
1926-cı ildə Bakıda 1-ci türkoloji qurultay keçiriləndə vahid problem kimi türk xalqlarının ortaq əlifbası məsələsi də gündəmdə dururdu. Çoxlu müzakirələr aparıldı ki, ortaq türk əlifbanı necə yaradaq? Ayrı-ayrı hərflərin üzərində və onların qrafik işarələrində müxtəlif mübahisələr yaranmışdı. Yəni əlifba işi elə asan məsələ deyildir. Əlifbanın dəyişməsiylə iqtisadi problemləri, mədəni problemləri həll etmiş olmuruq. Əlifba dünyaya çıxış üçün bir vasitədir. Bugün latın qrafikalı əlifbadan istifadə edirik. Yenə deyirəm, bu sevindiricidir, ancaq gəlin bir az keçmişə nəzər salaq. Küllü miqdarda yazılarımız, ədəbiyyatımız diqqətdən kənarda qalır. Bir sözlə indiyənə kimi əlifba dəyişikliyi ucundan itkilərimiz çox olub.
Dünyada çinlilərin, koreyalıların, yaponların əlifbalarına nəzər yetirin. Ən çətin, ən qəliz əlifbada yazırlar. Ancaq bunların iqtisadi inkişaflarına baxın. Əlifba həm bəzi vacib məsələlərin həllində vasitəçidir, həm də vasitəçi deyil. Bütün məsələləri də əlifbanın üzərinə atmaq olmaz. Bayaq qeyd etdim ki, tez-tez əlifbalarımız dəyişib. Ayrı-ayrı illərdəki nə qədər yazılı abidələrimiz itib batıbdır. Əlifbanı dəyişməkdə böyük itkilərdən biri də maliyyə itkiləridir. Dərsliklər, ədəbiyyat dəyişmələr və sair və ilaxır. Bunlar da vəsait tələb edir. Vəsait də dövlətin büdcəsindən gedir. Burdan da maliyyə itkiləri yaranır. Ən əsası da əlifba dəyişikliyi ictimai-mədəni düşüncə sistemimizi laxladır. Bəzən milləti geriyə atır. Biz stabil cəmiyyətdə yaşamağa nail olmalıyıq.
-Buludxan müəllim, bəs bugün sizin çalışdığınız Pedoqoji Universitetin tələbələri necə dilimizin təmizliyindən, imkanlarından yararlana bilirlərmi?
-Gənclik gələcəyimizdir. Bu təsadüfi deyilən söz deyil. Bəzən gəncliklə münasibətdə oğul-ata münasibəti qurmaq lazım gəlir. Oğulla ata arasında inkişaf dinamika baxımdan anlaşılmazlığa da gətirib çıxara bilər. Çox vaxt gənclik bizim istəklərimizi tam ödəmir deyirik. Mən bunun əleyhinəyəm. Azərbaycan gəncliyi elastik bir gənclikdir. Gənclərimizi hansı istiqamətə yönəltsən, o istiqamətə də gedir, uyuşur və uğurlu nəticələr verir. Azərbaycan gəncliyinin kifayət qədər potensialı var, istedadlıdır. Bilirsiniz, gəncliyimiz özündən böyük nəsildən çox şey umur. Biz nə qədər düzgün yol göstərsək gənclik bir o qədər də bəhrələnəcək. Tam əminliklə deyim ki, bugünkü gəncliyimiz öz tarixini də, mədəniyyətini də öyrənməkdə həvəslidir. Sadəcə olaraq bu həvəsə istiqamət vermək lazımdır. Bunu da deyək ki, Azərbaycan gəncliyi dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz. Dünyada bugün ciddi proseslər gedir. İnformasiya kommunikasiya texnologiyaları vasitələrinin həyatımıza gəlməsi ən əsas amildir. Gəncliyimiz də bunlardan istifadə etməyi bacarır. Bu çox gözəldir. Ancaq bugünkü gənclik 10-15 il bundan qabaqkı nəsillə müqayisə oluna bilməz. Əvvəlki, nəsil daha çox kitaba üstünlük verirdi, bugünkü gənclik isə bayaq qeyd etdiyim kimi, internetə, texnologiyaya. Bugün desək ki, gənclik kitab oxumur, bu da doğru olmaz. Bilirsiniz, bizim müasir gənclik öyrənməyə meyillidir. Bu da millətin xarakterindən irəli gəlir. Sadəcə olaraq bayaq da qeyd etdiyim kimi onları düzgün yönləndirmək lazımdır.
Bugün mənim tələbələrim ana dilimizdə gözəl danışırlar. Bədii ədəbiyyatlar oxuyurlar, xarici ədəbiyyatlarla maraqlanırlar. Mən desəm ki, tələbələrimdən razıyam, bu heç kimdə şübhə doğurmamalıdır.
-Buludxan müəllim, indi ortaq türk dili məhfumu daha çox gündəmdədir. Amma bizim əksər türk ortaq dastanlarımızın dili elə ortaq və hamı tərəfindən anlaşıq bir dildir. Elə deyək ki, Dədə-Qorqud dastanlarındakı qədim, həm də təmiz bir dil, həm tarix baxımından, həm etnik, həm də etno-coğrafi baxımından əvəzsiz bir mənbədir. Ancaq təəssüflər olsun ki, o qədimlikdən də o dildən də uzaqlaşırıq. Ayrı-ayrı adamların leksikonunda bu dildən nəsə qalsa da, bu gün dilimizdə kök salan əcnəbi sözləri də beləcə sıxışdırıb çıxarmaq olmazmı?
-Mən deyim ki, bugün elmi ictimaiyyətdə ortaq türk dili məsələsi müzakirə olunur. Suallar da yaranır ki, türk dilinin liğət tərkibi hansı sözlərdən ibarət olacaqdır. Müxtəlif versiyalar, fərqli münasibətlər var. Sualınızda həqiqət çoxdur, bunu da qəbul etməliyik. Ortaq türk dili yaranarkən onun lüğət tərkibi ortaq abidələrimizin lüğət sistemiylə qurulmalıdır. Ortaq yazılı abidələrimizdən biri də Kitabi- Dədə Qorquddur. Kitabi- Dədə Qorqud dastanı və bir çox ortaq dastanlarımızdakı söz türk xalqları tərəfindən yaxşı başa düşülür. Ortaq türk dilindən söhbət gedirsə, türk xalqlarının ortaq dəyərlərindən istifadə olunmalıdır. Sualınızın ikinci hissəsinə cavab vermək istərdim. Qədim dastanlarımızdakı sözlərin bugün dilimizdə işlənməməsini qeyd etdiniz. Bununla tam razıyam, ancaq razılaşaq, bu sözlərin bir qismi ədəbi dildə işlənmir. Bu cür sözlər xalqın dilində qalır və qorunur. Çox vaxt bu sözlərə dialekt sözlər deyilir. Bütün ləhcələrimizdəki dialekt sözlər ədəbi dilimizdən uzaqlışdırılıb və ortaq lüğətimiz də dirilər. Görünür ki, vaxt bu yanlışıqlığı düzəldəcək.
Dil də canlı orqanizmdir, onun da sağlamlığının keşiyində daima durmaq lazım gəlir. Suyunun, havasının təmizliyi də həmçinin vacibdir.


Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı

  • 0

#2 nijatik

nijatik

    Новичок

  • Новенькие
  • Pip
  • 5 posts
  • :

Posted 31 July 2010 - 06:37 PM

Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi (aqqlütinativ) dillərə daxildir. Bu tip dillərdə sözün kökü dəyişmir və həmişə müstəqil leksik məna bildirir. Şəkilçilərin (həm leksik, həm də qrammatik), bir qayda olaraq, söz kökündən sonra gəlməsi üə iltisaqi dillərin əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət dilimizdəki əsl Azərbaycan sözlərinə (türk mənşəli sözlərə) aiddir. Alınma sözlərdə isə bu qaydanın pozulması halları özünü göstərir, yəni şəkilçi söz kökündən əvvəl işlənir.
  • 0

#3 shaxmatistka

shaxmatistka

    Новичок

  • Читатели
  • Pip
  • 20 posts
  • :

Posted 08 November 2010 - 08:05 PM

Azərbaycan dilinin izahlı lüğəti elektron halda:
1-ci cild (ABCÇD)
2-ci cild(EƏFGHXİJK)
3-cü cild (QLMNOÖPR)
4-cü cild (SŞTUÜVYZ)

Edited by shaxmatistka, 08 November 2010 - 08:07 PM.

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users