Jump to content


- - - - -

Bizim mədəniyyətin acari sazdir


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:55 PM

Bizim mədəniyyətin acari sazdir
[b]



Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı
Onunla həmsöhbət olmaq, elmi-fəlsəfi-həyati mülahizələrini dinləmək mənə həmişə xoş təsir bağışlayır. Daim onu radioda hazırladığım verilişlərə də dəvət edirəm. Maraqlı, nəzəri və praktiki bilgiləri, səmimi söhbəti, elmi axtarışları istər oxucuların, istərsə də dinləyicilərin daim maraq dairəsindədi. Bu günlərdə isə 50 yaşını qeyd etdik.

Əlli yaşın təəssüratlarını bölmək üçün, onunla zəngləşdim, hal-əhval tutduq, yarızarafatla yayın bu qızmar çağında necə istirahət elədiyini də soruşdum. 50 yaşının ucalığında onunla bir də görüşmək istəyində olduğumu dedim. Cavabı isə həmişəki kimi səmimi oldu. Beləliklə, həmsöhbətim, filologiya elmləri doktoru, professor, folklorumuzun bilicisi, dəyərli alimimiz, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlıdı. Beləcə bir söhbətimiz alındı.

-Məhərrəm müəllim, xoş gördük sizi. Öncədən bizə vaxt ayırdığınıza görə minnətdarlığımı bildirirəm. Daim sizin yaradıcılığınızla maraqlanan və bəhrələnən, bir adam kimi bu günki söhbətimizin faydasını da öncədən hiss edirəm. İlk öncə 50 yaşınızı təbrik etmək istəyirəm. Sizə indən belə də, iki əlli ömür arzulayıram. İşlərinizdə uğurlar diləyirik. Biz sizi sazımızın-sözümüzün təbliğatçısı, bilicisi kimi tanıyırıq. Sizin sazımızla bağlı tədqiqatlarınız bütün Türk dünyasına böyük töhfədir. İstərdim elə ilk sualımı da sazdan verim. Maraqlıdı Məhərrəm Qasımovu saza qardaş eləyən nə oldu. Təbii ki, doğulduğunuz, boya-başa çatdığınız mühit də böyük rol oynayır. Ailənin tərbiyəsi isə ən başlıca amildir. İstərdim özünüz danışasınız, bu qardaşlığın sirrini açasınız.

-Əvvəla, Savalan, diqqətinə görə çox sağ ol. Məni 50 yaşımla bağlı təbrik etdiyinə görə. Qaldı ki, saza-sözə sevgim, sazın-sözün əzəli, beşiyi olan Tovuz rayonunun Alaköl kəndində dünyaya gəlməyimlə daha çox bağlıdı. Oğuz torpağı Tovuzun bütövlükdə abı-havası, ruhi bir mümbit zəmin olaraq beşikdən başlayaraq hər zaman mənim də ruhumu saza-sözə yönəldib. O baxımdan Tovuz torpağından pöhrələnmək, bəlkə də o yerlərdən olmaq mühüm işdir. Saz bir növ mənim laylam olub. Daha sonrakı illərdə isə, əsasən də uşaqlıq illərimdə sazın ilahi sevgisini duymaqda ailəmin böyük təsiri oldu. Mənim babam, atam, anam, tanıdığım ağsaqqallar, bütün ətraf bunlar mənim saza bağlanmağımda mühüm rol oynayıblar. Rəhmətlik babam, Hasan, nənəm Tükəzban isə canlı məktəb idilər. Bildiyimiz kimi əvvəllər radioda «Bulaq» verilişini hazırlayırdım. Radioda 121 «Bulağı» mən hazırlamışam. O vaxtlar ,nənəmdən, babamdan eşitdiklərimi «Bulaq»la canlandırmışam. Rəhmətliklər canlı folklor idilər. Rəhmətlik babam, eyniylə Dədə Qorqud dilində danışırdı, nənəm də həmçinin. Ən etnoqrafiq məqamları, onlardan öyrəndim. Atam özü saz vurğunuydu. Sinəsində nə qədər dastan varıydı. Aşıq sənətinin incəliyini, hava-havacatın adlarını dərindən bilirdi. İlk uşaqlığımnan bu incəliklər mənə də aşılanırdı. Rəhmətlik atam 1997-ci ildə dünyasını dəyişəndə, həyatının son günlərində yanındaydım. Aşıqlarla ilgili suallar verirdi, unudulmuş, qədimi şerlər söylədirdi, bir neçə dəfə Ələsgərdən şerlər oxumağımı istədi. Yəni son nəfəsində belə sazla yaşayırdı, saza bir sığınacaq kimi pənah gətirmişdi. Bunları ona görə deyirəm ki, istər bir yaşımda, beş yaşımda, hətta 50 yaşımda da o münbit zəmindən şirə çəkmişəm, hətta çəkməkdəyəm də. Vallah sizə qəribə gəlsə də günü bu gün də mən bəzən o münbit zəmindən qidalanmaq, şirə çəkmək üçün Tovuza gedirəm. Ordakı adamlarla görüşürəm. Hər yerin adamı oranın daşına, torpağına yaxşı bələddir. Hətta hər bir adam oz yerinin, yurdunun ağacına, daşına, kəsəyinə oxşayır. Mən elə o daşın, o kəsəyin bir parçasıyam. İlkin olaraq doğulduğum elə-obaya minnətdaram. Mən gəncliyimdə çoxlu ustad aşıqlar görmüşəm. Aşıq Əkbər Cəfərovu, Mikayıl Azaflını, İmran Həsənovu, Aşıq Kamandar Əfəndiyevi, Hüseyn Saraclını, Aşıq Əmrah Gülməmmədovu, Aşıq Şakiri. Bu ustadlarla həmsöhbət olmuşam. Onlardan çox şeylər öyrənmişəm. Allah rəhmət eləsin şəmkirli Aşıq Murad Niyazlıya. Onun dilindən Yəhya bəy Dilqəmi yazıya aldum, kitab kimi buraxdırdım. Bakı Dövlət Universitetində təhsil almışam. Tələbəlik illərində isə mənim yetişməyimdə müəllimlərim böyük rol oynayıb, istiqamət göstəriblər. Tək folklor sahəsində deyil, ümumiyyətlə filologiya sahəsində Mir Cəlal müəllimin, Bəxtiyar Vahabzadənin, Vaqif Vəliyevin, Tofiq Hacıyevin daha bir çox müəllimlərimin böyük təsiri olub. Onlara da minnətdaram. Hətta orta məktəbdə bir müəllimim varıydı, Məmməd müəllim. O, müəllimim indi də yaşayır, Allah ona ömür versin. İnanırsınız onun da böyük təsiri olub. Mən heç vaxt mənim üzərimdə əməyi olanları unutmaram. Sonrakı illərdə Elmlər Akademiyasına bağlı olmuşam. Elmlər Akademiyasındakı fəaliyyətimin başlanğıcı Şah İsmayıl Xətayiylə bağlı olub. Xətaini tədqiq etmişəm. Elmi rəhbərim də, Allah rəhmət eləsin Azadə Rüstəmova olub. Azadə Rüstəmovanın üzərimdə xidmətləri də böyükdü. Elm adamı kimi yetişməyimdə əsl məktəb olub. Elmlər Akademiyasında daha sonralar Məhəmmədhüseyn Təhmasib, Mirəli Seyidov, ümumiyyətlə folklorla maraqlananlardan çox bəhrələnmişəm. Bu gün də Qəzənfər Paşayevlə, Bəhlul Abdullayla, Elməddin Əlibəyzadə kimi tanınmış folklorşünaslarla bir yerdə çalışıram. Bunlarla da işləmək mənimçün çox xoşdur. Bu gün şifahi ədəbiyyat sahəsində, çoxlu gənc kadrlar yetişir. Sazın, sözün, folklor qaynaqlarının gələcəkdə araşdırılması üçün layiqli namizədlərdir.

-Məhərrəm müəllim, söhbətimizin əvvəlində söylədim ki, sizin tədqiqatlarınız o qədər genişdir ki, bununla Türk dünyası bəhrələnə bilər. Növbəti sualım da Güney aşıq mühiti ilə bağlıdı. Geniş şəkildə Güney aşıq mühitini arışdırmısınız, bu barədə.

-Bizim mədəniyyətin açarı sazdır. Necə ki, biz sazla bağlı öz mədəniyyətimizi axıracan təbliğ eləmirik, sazı geniş şəkildə ortaya çıxarıb dünyaya tanıtmırıqsa biz mədəniyyətimizin gerçək mənzərəsini ortaya qoya bilməyəcəyik. Bütün hallarda, mədəniyyətimizin, etnoqrafiyamızın, varlığımızın mənzərəsi yarımçıqdır. Ona görə ki, sazsızdır. Saz bu gün özünün lazımı yerini ala bilmir. Burda bizim bir çox günahlarımız var. yəni ötən 70 ildə sazın konservatoriyada tədris olmaması, sazın professional bir musiqi aləti kimi təqdim olunması, bütövlükdə xalqı təmsil eləməsi imkanının verilməməsi böyük problemlər yaradıb. Üzü Dədə Qorquddan bu yana bizim mədəniyyət sahəsində, ümumiyyətlə, tarixi mədəni miqyasda nə qədər uğurlarımız varsa sazın adına bağlıdır. Dədə Qorqud, Koroğlu, eləcə də digər dastan və eposlarımızda baş obraz sazdı. Saz bütövlükdə ədəbiyyatımızın yükünü çiyinlərində daşıyıb gətirib. Bu gün bizim ədəbiyyatımız heca vəzninə əsaslanan, əsasən də qoşma üslubunda olan bir ədəbiyyatdı. Səməd Vurğun da, Hüseyn Arif də, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da bu üslubda yazıb. Bu üslubu bizə saz gətirib. Qurbaninin «Bənövşə» şeri bugünkü ədəbiyyatımızın bazasıdır. «Bənövşə» şeri hansısa qəzəl şairinin qəzəli deyil, Qurbanini də saz yaşadır. Bu baxımdan da biz sazın dəyərini bilməliyik. Saz, aşıqlıq, bütövlükdə bizim mədəniyyətimizin qoruyucularıdı. Tarixi-mədəni gerçəklik də bu mənzərənin içərisindədi. Təbrizdə Şah İsmayıl Xətai var, Səfəvilər dövlətinin başında durub. Əlində saz olub, çevrəsində aşıqlar olub, ordusunda da aşıqlar başda olub. Dövləti təkcə ordu qorumurdu, həm də aşıq qoruyurdu, saz qoruyurdu. Saz, ordunun dilini, mədəniyyətini, mənəviyyatını qoruyurdu. Bu baxımdan bizim tarixi mədəniyyətimizin, hətta bu günkü mədəniyyətimizin ana beşiyi, mərkəzi Təbrizdir. Təbrizin çevrəsindəki bölgələrdi. Bu gün sazı araşdırırıqsa Təbriz mərkəzdə durmalıdır. Təbriz gerçəkliyiylə hesablaşmalıyıq. Bu gün Təbrizdə 500 dən çox aşıq var. Şimali Qafqazda, Arazın bu tayında isə Borçalı da daxil olmaqla, aşıqların ümumi sayı 150-180 arasındadır. Amma tək Təbrizdə aşıqların sayı 500-dür. Bütün Güney mühitində isə aşıqların sayı iki mindən çoxdur. Güneydə elə kənd var ki, o kənddə 30 aşıq var. bir sözlə Güneydə mədəniyyəti təmsil edən nümayəndələr çoxdu. Bu baxımdan tarixi mənzərə də bu şəkildədir. Haqq aşıqlarının hamısı da Güneydən çıxıb. Qurbani də, Xəstə Qasım da, Abbas Tufarqanlı da. Bütün bizim dastanlarımızın hamısında təkan nöqtəsi Təbriz-Qaradağdı. Azərbaycan aşıq sənəti anlayışının gerçək tarixi coğrafi mənzərəsini ortaya gətirmək üçün o taya geniş diqqət yetirməliyik. Savalan, unutmaq olmaz ki, bizim coğrafi anlamda da, etnik yerləşmə anlamında da böyük hissəmiz Arazın o tayındadır. Yəni otuz milyon o üzdədir, səkkiz milyon bu üzdə. Bu yanda 86,6 kv.km torpaq varsa, o yanda beş bu boyda Azərbaycan türklərinə mənsub olan torpaq var. Aşıqlığın da miqyası Güneydə o dərəcədə çox fərqli və genişdi. Bizdə 19-20-ci yüzillikdə aşıqlıqda müəyyən çiçəklənmə dövrü olub, xüsusən də Göyçə, Gəncəbasar, Borçalıda, müəyyən qədər də Şirvanda. Onlar əvvəlki dönəmdə bütün tarix ərzində aşığın çiçəklənmə dövrü Təbriz-Qaradağ, Urmiya, Savə və Xorasandı. Bunlar tarixi gerçəkliklərdir .Mənim Güneyə yönəlməmin başlıca səbəbləri bu oldu ki, biz ancaq Şimali Azərbaycandakı azərbaycanlıların, yəni keçmiş SSR azərbaycanlılarının məskun olduğu torpaqlarda aşıqlığı öyrənməklə aşıqlığın tarixi mənzərəsini ortaya gətirə bilmərik. 1993-cü ildə sərhədlər açılandan sonra Güneyə yönəldim, 2005-ci ilə qədər hər il gedib ordan mənbələr gətirmişəm. Bütün bölgələri gəzmişəm, böyük aşıqlarla görüşmüşəm. Aşıq Əli varıydı orda, «Dədə Qorqud» deyirdilər ona, yüzdən artıq yaşı varıydı. Çox bilikli aşıq idi. Aşıq Əlidən Güney mühitiylə ilgili çox dəyərli məlumatlar almışam. Aşıq Əli bir dəfə mənə dedi ki, baş divani haqq divanisidir. Haqq divanında aşıq Allahın qarşısında durub hesabat verir. Ona müraciət eləyir, aşıqlıq irki alır. Çünki aşıqlıq Allahın, Tanrının himayəsindədir. Aşıq tanrı himayəçisindən icazə almamış məclis başlaya bilməz. Ona görə aşıq divaniyə bu müraciətlə başlayır: «ya İlahi, ya mövlam, ya şahimərdanım, səndən mədət». Bu gün Güneydə Aşıq Dehqan var. Aşıq İsgəndəri də dərin aşıqdır.Təbriz-Güney aşıqlarına baxdıqda burda çox dərin aşıqların, dərin sənətin olduğunu görürük. Bu gün Təbrizə getsəniz, orda onlarla aşıq çayçıları görərsiniz. Yəni aşıqlar, ustad sənətkarlar bu çayçılara yığılır. Bir-birlərini sorğu-suala çəkirlər, sənətlə bağlı maraqlı söhbətlər edirlər. Bu sənətin inkişafı üçün bir folklor zəminidir. Xalq ənənəsinin qorunmasıdır. Təəssüf ki, bizdə bu yoxdur. Bizim aşıqlar toydan-toya bir-birlərini görür. Bu baxımdan Güney Aşıqlığı çox dərya bir zəmindi. Mən o dəryanın sadəcə qırağına gedib, bir görüntüsünü yaratdım. Mən ilk dəfə olaraq 1990-cı ilin əvvəllərində məqalələr çap etdirəndə, daha sonra isə aşıq sənətiylə bağlı kitablarımda Güney mühitləri bölməsini ayırıb bu mühitləri konkretləşdirib yazdığım zamanı ilk addımı atdım. Kitabımın daha sonrakı nəşrində də qeyd etmişəm ki, mən Güneydəki dəryadan bir damla götürmüşəm. Ora çox zəngindir. Güney aşıq mühiti bir-bir ayrıca tədqiq olunmalıdır. Biz ordakı mədəniyyətimizi öyrənməliyik. Təəssüf ki, bu sahədə hələlik çox az işlər gedir. Türkiyəli Əli Kafkasiylının çox gözəl bir tədqiqatı son illər ortaya gəldi. Daha sonra İlqar İmamverdiyevin hazırladığı Güneylə bağlı işləri, Güneydən isə, urmiyalı Camal Ayrımlı və Hüseyn Feyzullahidi müəyyən tədqiqatlar hazırlayıblar. Mən hamısına minnətdaram ki, belə gözəl işlər görüblər. Bu tədqiqatçılar da sağ olsunlar. Bütün tədqiqatlarında bu işə ilk olaraq mənim başladığımı qeyd ediblər. Bu yaxınlarda mənim dostum Çingiz Mehdipur Təbrizdə qızıyla birlikdə kitabımı həm fars dilinə tərcümə ediblər, həm də bu materiallar əsasında yeni bir notlu Təbriz aşıqlarının repertuarındakı saz havalarının yazılışına başlayıblar. Çingiz Mehdipur həm özü gözəl ifaçıdır, həm də aşıq sənətinin tədqiqatçısıdır.

-Məhərrəm müəllim 1926-cı ildə Bakıda türkoloji qurultay keçirilmişdi. Bu qurultayın baş tutması və Bakıda keçirilməsi böyük bir tarixi hadisəydi. Ancaq qurultaydan sonra demək olar ki, Azərbaycanın ən lazımlı elm, sənət, mədəniyyət adamları represiya olundu. Mənim zənnimcə bu qurultayın təşkili bir növ kəşfiyyat xarakteri daşıyırdı. Hətta represiyalar 50-ci ilə qədər davam etdi. Siz bu barədə nə düşünürsünüz?

-Əvvəla Savalan bəy, sualınız çox maraqlı və məzmunludur. İnanın bu sualınız məni təcübləndirdi. Gənc olmanıza baxmayaraq, çox maraqlı sualdır. Əlbəttə sualınızda həqiqət var. 1920-ci illərdə Sovet dönəmində müəyyən demokratik ab-hava olub. Elm-ədəbiyyat, mədəniyyət baxımından. Yəni xalqa bağlı olan elm, mədəniyyət, sənət sahələrini öyrənmək, tədqiq etmək kimi bir mövqe olub. Çünki Sovet hökuməti özünü, xalq hökuməti, zəhmətkeş, fəhlə, kəndli hökuməti adlandırdığı üçün saraya bağlı olmayan, ( məsələn qəzəl, əruz, muğam bunlar saraya bağlıydı) mədəniyyət hissəsinə böyük önəm verirdilər. Bu xalqın etnoqrafiyasıydı, folkloru, musiqi mədəniyyətiydi. O baxımdan da görürsünüz ki, o illərdə kütləvi şəkildə folklora yönəmlənmə var idi. Təkcə tədqiqatçılar deyildi. Şairlə də 20-30-cu illərdə folklor mövzularını şerə gətirirdilər. Əfsanədən poema və hekayələr yazırdılar. Mahiyyət etibarilə bu sinfi ideoloji bir məsələ idi. Bir müddət sonra baxıb görülər ki, təkcə Azərbaycanda deyil, bütün respublikalarda, rus olmayan respublikalarda milli oyanışlar hadisəyə çevrilməkdədi. Burdakı ziyalılar, bu istiqaməti tutmaqla təkcə xalqı, xalqın mənəviyyatını deyil, xalqın köklərini, tarixini araşdırmaqla xalqa özünü tanıma imkanı verir. O xalqa milli şüur, küli kimlik bəxş edir. Tarixi yaddaşı aşılayır. Bizim isə tarixi yaddaşın bərpası, soy-kökə qayıdışımız imperiyanın işlərinə mane ola bilirdi. Bir müddət sonra gördülər ki, bu qayıdış, dirçəliş milli oyanış və müstəqillik mücadiləsinə çevrilə bilər. Burdakı böyük alimlər də bu işlərin başında dura bilər. O səbəbdən də ehtiyatlanaraq ziyalıları bir müstəmləkə halında saxlamaq təşəbbüsündə oldular.. Üst təbəqə olan ziyalılar, o ziyalılar ki, türkçülüyü, milli tarixi kimlik məsələlərini dərindən bilirdilər. Onları aradan götürmək ehtiyacı yarandı. İmperiya baxımdan onu da bu şəkildə həyata keçirdilər. Bir yoxlama testləri təşkil etdilər ki, görək bu işlərin başında kimlər durur və bu tədbirlərə kimlər gəlir. Bakı qurultayında çoxlu rus türkoloqları da iştirak edirdi. Onlar rus olduqları üçün imperiyanın qəzəbinə tuş gəlmədilər. Əmin Abidin, Salman Mümtazın, Bəkir Çobanzadənin, Ömər Nemanzadənin, Firidun Köçərlinin taleləri isə ağır oldu. Burda maraqlı bir fakt da var. Rus türkoloqları türkçiliyi araşdırsalar da, imperiyanın əlehinə getmirdilər. Ancaq bizim ziyalılar türkçülüyü araşdırmaqla yanaşı milli kimliyi oyadırdılar. Bu baxımdan da ağır nəticələrlə qarşılaşdılar. Bu kəşfiyyat xarakterli tədbirlər təkcə Azərbaycanda yox, Gürcüstanda da, hətta Ermənistanda da həyata keçirilirdi. Hər xalqın belə yüksək nümayəndələrini aradan götürmək üçün. Dəhşətlisi burasındadır ki, Moldovadan, Ukraynadan. Gürcüstandan, Ermənistandan beş-on adamı represiya edəndə, bizdən əlli beş adamı represiya edirdilər. Bu da təbiidir ki, türk olmağımızla bağlıydı. Türk dünyasında represiyalar kütləvi şəkildə getməyə başladı. Qurultayda çıxış zamanı, milli mücadilələri, tarixi məsələləri qaldırdıqları üçün, sözün əsil mənasında onlar qaralandılar, bu dövrdə bizim ziyalıların tarixi kitabları, məqalələri çap olunurdu. Dədə Qorqudla bağlı tədqiqatlar işıq üzü görməyə başlayırdı. Bu yazılar get-gedə dövlətə sərf etmirdi, sonda represiyalar dururdu. Sovet dövləti müəyyən ölçülərdə folklora yer verirdi. Bayatıları toplamaq olardı, lakin o, bayatılardakı türkçülük ideyaları, islam dəyərlərini çap etmək, təbliğ eləmək olmazdı. Amma aşiqanə duyğu, mərdlik, halallıq, düzlük ifadə eləyən bayatıları toplamağa icazə verilirdi. Dastanların nəşrinə də normalar daxilində icazələr verilirdi. Bu sadalananları kim yazırdısa, o adamlara heç kim heç nə etmirdi. Ancaq o sərhədləri aşan ziyalılara güc göstərirdilər. Həmin gördüyümüz, oxuyub öyrəndiyimiz cəzaların səbəbləri bunlar idi.

-Məhərrəm müəllim, biz qloballaşma dövrünü yaşayırıq. Daha dəqiq desək, qloballaşmaya doğru gedirik. Məhərrəm Qasımlıdan soruşmaq istəyirəm bu qloballaşma bizə nəyi verə bilər və yaxud bizdən nə ala bilər. Milli dəyərlərimizi və ya mədəniyyətimizi axsada bilərmi?.

-Sualınız aydındır. Bu proses bu şəkildədir. İnteqrasiya və qloballaşma 1-ci mərhələ inteqrasiyadı. Yəni üstün mədəniyyətlər digər mədəniyyətlərə doğru gedirlər. Onlar özlərini təbliğ eləyir. Zəif mədəniyyətlər isə bunu bacarmır və inteqrasiya proseslərində uduzur. Üstün mədəniyyətlər bu proseslər zamanı bütün dünya miqyasında dünyanı öz təsiri altına alır. Bu isə zəif mədəniyyətləri vurub sıradan çıxardır. Bu zaman qarşıda iki məsələ durur. Birincisi inteqrasiya proseslərində çox diqqətli, həssas olmaq lazımdır. Dünyaya çıxışların vəziyyətini bilmək və axtarmaq lazımdır. Azərbaycan elmini, mədəniyyətini, tarixini, folklorunu, rus, ingilis, eləcə də bir çox dünya dilləri vasitəsiylə dünyaya tanıtmaq. Bu işlər görülərsə, avropa, şərq, qərb bizim mədəniyyəti tanıyır və tanıyacaq. Bu baxımdan Sovet dönəmində inteqrasiya proseslərinin özü də zəif idi. Sovet hökumətinin özü qloballaşmanı bizə gəlməyə qoymurdu. Daha çox bizləri «ruslaşdırmağa» çalışırdı. İndi isə biz dünyaya, dünya bizə açılıb. Bu baxımdan ehtiyatlı olmaq lazımdır. Dünyada bir çox texnoloji dəyərlər var. insana, bəşəriyyətə, yaşayışa fayda verən şeylər var. bunlar şübhəsiz qəbul olunmalıdır. Məsələn; cib telefonu, kompüter, müasir maşınlar, avadanlıqlar və s. bunlardan imtina etmək də olmur. İstər-istəməz qəbul etmək lazımdır. Əgər bacarırsansa dünyaya özündən nəsə təqdim et. Misal üçün, Koreya, Çin, Yaponiya bu gün həm öz texnikasını, həm də mədəniyyətini, mətbəxini dünyaya təqdim edir və edə bilir. Bu gün kompüter sistemi, internet, radio televiziyalar çox təhlükəlidir. Soruşa bilərsiniz niyə? Ona görə ki, bunların vasitəsiylə digər mədəniyyətləri bizə aşılayırlar. Bu gün televiziyalarımızda nə qədər Avropa, Braziliya serialları nümayiş etdirilir. Bu serialların təsiri çox vaxt bəzi ailələrdə özünü göstərir. seriallarda tez-tez evlənib boşanma artıq bu gün bizim gündəlik həyatımızda adi bir şeyə çevrilib. Bilirsiniz bu seriallar yabançı musiqilər ona görə tətbiq olunur ki, bizi milli kimliyimizdən uzaqlaşdırsınlar. Kim bir az zəifdirsə bu dediklərimə uduzacaq. Əcnəbi musiqilər bizə lap çox təsir göstərib. Bu gün toylarımızda saza 10-15 dəqiqə yer verilir, ancaq əcnəbi musiqilərə daha çox. Bu əcnəbi musiqilərin televiziya və radiolarda daha çox şahidi ola bilərsiniz. Bu işdə çox ehtiyatlı olmaq lazımdır. Gürcülərə fikir verin. Nə qədər Avropa meyilli olsalar da, özlərinin loru gürcü xorunu qoruyurlar.. yəni Gürcü mədəniyyətini, etnoqrafiyasını yaşadırlar. Bizim mədəniyyətə sahib çıxan ermənilər də belədir. Biz də çox diqqətli, həssas olmalıyıq. Biz elə etməliyik ki, heç kim bizim mədəniyyəti üstələməsin, sahib çıxmasın. Türk mədəniyyəti ən güclü mədəniyyətdir. Biz tarix boyu üstün mədəniyyət olub, çevrəmizdəki mədəniyyətləri təsir altına almışıq. Gürcülərin, ermənilərin, slavyanların, ukraynalıların hətta avropalıların musiqilərində bizim çalarlar çoxdu. Qopuz dünyanın haralarına gedib. Ukraynalılar bizim qopuza qobuzar deyir. Bu bizim mədəniyyətin yüksəkliyidi. Tambur aləti isə bu gün ruslarda dombura adlanır. Sadəcə olaraq bu yüksək mədəniyyətə sahib çıxmaq, yiyə durmaq lazımdır. Muğama, saza, Azərbaycan xalq musiqisinə, milli rəqslərə laqeyd olmamalıyıq. Bu hər birimizin milli sahiblik işidi. Biz deyirik ki, balaban musiqi aləti bizimdir. Bu danılmaz faktdır, amma balabana İrəvanda ermənilər heykəl qoyub. Buna isə təəccüblənmək lazım deyil. Əcaba, biz nə vaxt balabana sahib durduq ki... Bu gün, sabah saza da elə heykəl qoyacaqlar. Çünki erməni görür ki, biz sazı yalnız qonaq gələnə göstəririk. Bir də ara-sıra toylarda. Bu halda isə bizim boşluğumuzdan istifadə edən erməni sazı özününküləşdirir. Biz saza nə qədər yaxın durmayacayıqsa, bir o qədər sazı da erməni milləti musiqi aləti kimi dünyaya təqdim edəcək. Bu gün gənclərimiz sazı dinləmir. Ancaq erməni gənci əskidən balaban dinləyir. Sabah da sazı dinləyəcək. Saz da bizim həyatımızda, daim olmalıdır. Saz bizə yurd, vətən eşqi aşılayır. Biz niyə sazdan qaçmalıyıq. Vətən eşqi, yurd eşqi aşılamayan yabançı musiqiləri dinləyirik. Biz sazı küncə qoymaqla çox şeyimizi itirəcəyik. Biz qloballaşmadan və inteqrasiyadan müəyyən qədər faydalanmalıyıq, amma onun zərərlərindən də qaça bilməliyik. Bu gün dünyanın bütün ölkələrində hər kəs özünü qoruyur. Kim özünü qoruya bilmirsə demək qloballaşmanın, inteqrasiyanın təsirinə düşüb.

-Məhərrəm müəllim, folklora doğru gedirik, yoxsa folklor bizə gəlir

-Bu dediyiniz hər ikisi bu gün bizim həyatımızda olsaydı daha da yaxşı olardı. Bizim folklora doğru getməyimiz nə qədər ləngdirsə, folklorun da bizə gəlməsi bir o qədər ləngdir. Biz bunun ikisini də lazımı tempə salmalıyıq. Bu baxımdan biz özümüz folklora doğru getməliyik. Folklor nədi, folklor xalqın özüdü. Xalq folkloruyla özünə doğru gedir. Azərbaycan xalqı bir türk qovmu olaraq çox qüdrətlidir. Yetər ki, özünü tanıya. Bilirsiniz bu nəyə bənzəyir. Əgər bir tankın yaxşı tankçısı və benzini varsa bu tanka heç bir zaval yoxdur. Qarşısına gələni dağıtmaq gücünə malikdir. Folklor da, xalq da belədir. Xalq folklorunu bilirsə, o xalqı heç kim ələ ala bilməz.
-Siz folklor və etnoqrafiya jurnalının baş redaktorusunuz. Azərbaycanda yeganə nəşrdir ki, bu jurnal vasitəsiylə folklor və etnoqrafiyamızı yaşadır və təbliğ edirsiniz. Bildiyimə görə jurnalın da beş yaşı tamam olur. Bu jurnalın yaranmasıyla bağlı fikirlərinizi bilmək istədik.

-Əvvəla təşəkkür edirəm, diqqətinizə görə çox sağ olun. Bu il mən əlli yaşımı qeyd edirəm, jurnalın da beş yaşını. Bu jurnal bir növ mənim həm babam, həm də balamdı. Ona görə babamdır ki, bu bir azman ruhunun, Dədə Qorqud ruhunun təmsilçisidir. Jurnalın üz qabığında da ilahi aləmdən nur içində, əlində qopuz Dədə Qorqud gəlir. Bu mənada jurnal mənim babamdı. Ona görə də balamdır ki, jurnalın qurucusu mən özüməm. Beş il bundan qabaq bu jurnalı yaratdıq. O vaxtlar folklor haqqında Milli Məclisin qanunu çıxmışdı. Ümummilli liderimiz H. Əliyev də bu qanunu az sonra təsdiq elədi. Folklor haqqında qanunda həm də bu tipli fəaliyyətlər lazım bilinirdi. Biz də Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdik və jurnalın nəşrinə başladıq. Qeyd edim ki, jurnal beynəlxalq elmi jurnaldır. İlk gündən bu günədək jurnalın yaradıcı heyətinin hamısı fədakarlıqla çalışır. Bu jurnalı isə ancaq abunəçilərin, bir də öz şəxsi hesabımıza çap etdiririk. Amerikadan, Almaniyadan, Türkiyədən, Kiprdən, Güneydən və bir çox başqa ölkələrdən oxucularımız var, çoxları da azərbaycanlılardır. Jurnalda həmçinin ingiliscə yazılar da dərc olunur. Buna görə oxucularımız maraq göstərir.

-Məhərrəm müəllim gərgin iş rejimimiz var. Universitetlərdə dərs deyirsiniz, Akademiyadakı fəaliyyətiniz, daha maraqlıdı. Məhərrəm Qasımlı necə istirahət edir?

-Savalan bəy, doğru qeyd etdiniz. İşlərim çoxdur. Ədəbiyyat İnstitutunda çalışıram, folklor şöbəsinin müdiriyəm. Türkiyədə nəşr olunan «Milli folklor» beynəlxalq toplusunun redaktor heyətinin üzvüyəm. Universitetlərdə dərs deyirəm. İncəsənət Universitetində aşıq sənəti qrupunun nəzəri dərslərini keçirəm. Konservatoriyada yenə aşıq ixtisası üzrə dərs deyirəm. Bu mənada həm təhsil, həm tədqiqat, həm ictimai elmi təşkilatı fəaliyyət çox sahəli, çox yönlüdür. Demək olar ki, istirahətə vaxt tapa bilmirəm. Ancaq bunu özümə bir həyat tərzi hesab edirəm. 1992-ci ildə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunandan sonra on il məzuniyyətə çıxmamışam. On il gecə-gündüz çalışmışam. Çünki o vaxt «Azərbaycan ədəbiyyat tarixinin» çox cildiliyini hazırlayırdıq. Bu sahədə işləri mən görürdüm deyə istirahətə vaxt olmurdu. 1994-cü ildə ədəbiyyat tarixinin I-ci cildi ilk variantda nəşr olundu. Müəyyən proseslərdən sonra ləngidi, ancaq 2000-ci illərin əvvəllərində II cild çıxDı. İndilərdə də III cild nəşr olunmalıdı. Bu cildlərin hazırlanmasında xüsusən də I cildin çapında illərlə gərgin işlədim. O illərin yorğunu səhhətimə də müəyyən təsir edib. Ancaq indi artıq bir o qədər gərgin işləmirəm. Demək olar ki, beş-on gün istirahət edirəm. Elə vaxt olur ki, istirahətdə olanda hər hansı bir iş çıxır, yenidən iş başına qayıdıram. Keçən il mən Qaraçay respublikasında dincəldiyim zaman orda birdən qaraçaylıların folklor və etnoqrafiyalarıyla maraqlanmağa başladım. Kənd-kənd düşüb qaraçaylılarla bağlı materialları topladım. İstirahətimin bir hissəsi yenə elmi fəaliyətə döndü. Tovuza və yaxud digər rayonlara gedəndə, mütləq orda folklor təbiətli adamlarla görüşürəm. Əslində mənim istirahətim elə bunlardı. On günlərlə durmadan Aşıq Ədalət Nəsibovu, Xanlar Məhərrəmovu, Əkbər Cəfərovu dinləyirəmsə dincəlirəm. Belə deyim ki, məni yorub əldən salan da aşıqdı, gözəl istirahət bəxş edən də. Bu mənə çox xoşdur. Çünki mən özümü sazdan sözdən ayrı hesab etmirəm.

-Məhərrəm müəllim qarşıda hansı yenilikləriniz var?

-Biz bu il Novruz ensiklrpediyasını hazırlamışıq. Bu günlərdə işıq üzü görəcək. Bu ensiklopediyanın baş elmi redaktoru mənəm. Daha böyük bir işi düşünürəm, həyata keçirim, ayrıca ozan-aşıq ensiklopediyası yaratmaq. Hava-havacatıyla nümayəndələriylə birgə. Böyük bir layihədir. Bu işi hazırlayıram. Bu işi bizdən, Dədə Qorqudun, Abbas Tufarqanlının, Qurbaninin, Aşıq Ələsgərin ruhu istəyir. Mədəniyyətimizlə bağlı bu işi ortaya qoymağa çalışacam. Fikirləşmişəm ki, rus, ingilis dillərinə də tərcümə olunsun. Bu ağır işə bir neçə il vaxt sərf edəcəm. Qarşımda ən böyük iş budur. Bir də bildiyimiz kimi bədii yaradıcılıqla da məşğulam. Sözün düzü, gəncliyimdə şer yazmışam. 2004-cü ildə balaca bir şer kitabım da çıxDı. «Sənə sözüm var» adlı. Son vaxtlar poetik yaradıcılıqla da bağlı məhsuldar fəaliyyətdəyəm. Çünki ürəyimdə çoxlu duyğular var ki, ancaq poetik şəkildə ifadə edə bilərəm. Bundan sonraki dönəmdə poetik yaradıcılığa meyilimin artmasının da şahidi ola bilərsiniz.

-Əkrəm Əylisli söyləyir ki, ən gözəl fkirləri, duyğuları poetik şəkildə ifadə etmək olar. Məhərrəm müəllim, sonda sizə poetik fikirlərinizi ifadə etmək və yaradıcılığınızda bol-bol uğurlar diləyirəm. Vaxt ayırıb həmsöhbət olduğumuza görə minnətdaram.

-Savalan bəy, siz də çox sağolun ki, belə maraqlı suallar tərtib etdiniz. Mən də öz növbəmdə sizə bir gənc olaraq uğurlar diləyirəm.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users