Jump to content


- - - - -

Allahın verdiyi dərdləri yazan adam


  • You cannot reply to this topic
No replies to this topic

#1 jurna_

jurna_

    Новичок

  • Новенькие
  • Pip
  • 1 posts
  • :

Posted 14 November 2009 - 01:14 PM

Allahın verdiyi dərdləri yazan adam

Əhməde Həpo: “Həyatı qavramaq adamı yazıçılığa gətirir”

Bütün kollektiv təbrik üçün radionun akt zalına toplaşmışdı. Tədbir saat 12-də başlasa da, hamı, gənc nəslin nümayəndələri, təqaüdçülər, bir sözlə sözə-efirə bağlı olanlar tədbirdə iştirak üçün saat 11-dən gəlmişdilər.
Salonda olanların arasında ən gənci bəlkə də mən idim. Hamıdan arxada bir boş yer tapıb əyləşdim. Dediyim kimi, onun dostları, həmkarları, qələm-söz adamları bir-bir kürsüdə göründülər, haqqında hamı səmimi danışdı. Boğazdan yuxarı bir söz, tərif eşitmədim. Bəli, zəhmətkeş, ağsaqqal, dostluğa sadiq bir insandan söhbət gedirdi. Bu insan 75 yaşını qeyd etdiyimiz, əməkdaşlarımızın sevimlisi, Azərbaycan Teleradio QSC-də hamının xətrini istədiyi yazıçı, jurnalist Əhməde Həpo idi. Uzun, enişli-yoxuşlu, ağrılı-acılı həyat yolu keçən Əhməd müəllim həyatın hər üzünü görüb, mərhumiyyətlər, çətinliklər çəkib. Amma, şəxsi taleyində çox qazanıb, həyat məktəbi ona çox üstünlüklər öyrədib.
O, ailəlikcə sürgün həyatı yaşayıb. Stalin represiyası bu ailəyə aclığın, köçkünlüyün, dərdlərin dərdini dadızdırıb. 37-nin zəqqum yelləri nə qədər ailəni başsız qoydu. Ziyalılarımızı bir-bir dənlədi, içimizi seyrəltdi, özünü mərd aparanların hamısının başını biçdi. Uzaq Sibirin qarlı çöllərində, Qazaxstanın, Orta Asiyanın bozqırlarına səpələnlərin qırılma faizi yetmişi-səksəni keçdi. Sağ qalanları isə ağır mərhumiyyətlər qarşıladı. O vaxtlar Sovet rejiminin biçib-tükətmək istədiyi türklər, islam xalqları hər yerdə, hər tərəfdə belə fəlakətlərlə üzləşdilər. İslam mədəniyyətinin daşıyıcıları olan kürdlər də həmişə iç-içə yaşadıqları türklərlə, azərbaycanlılarla birgə imperiya fəlakətlərindən can qurtara bilmədilər. Belə minlərlə, on minlərlə ağır taleli insanların ağrı-acısını Əhməd müəllim üç yaşı olanda görmüşdü.
O özünü dəyərli bir Azərbaycan ziyalısı kimi tanıdıb. 1993-cü ildən Azərbaycan Radiosunda Kürd dili verilişlərinə rəhbərlik edən Əhməde Həpo ilə keçirdiyim söhbəti oxucuların ixtiyarına verməyi lazım bildim.
[color=#330033]
- Əhməd müəllim, xoş gördük sizi. Necəsiniz? Bu yaxınlarda 75 yaşınız Azərbaycan Radiosunda qeyd olundu. Tədbirdə dostlarınız, həmkarlarınız çıxış elədi. Deyərdim ki, yaxın dostlarınızın çoxunu da Azərbaycan radiosunda tapmısınız. Bir jurnalist kimi o tədbirdə iştirak etmək mənim də mənəvi borcum idi. Bir daha mən də sizi ad gününüz münasibətilə təbrik edirəm. 75 yaş böyük bir ömürdü, uzun, keşməkeşli yoldu. Yaşadığınız 75 il yaddaşınızda daha çox hansı günlə qaldı. 75 il deyəndə ən çox nələri xatırlayırsınız.
- Mənimlə bu söhbəti elədiyin üçün minnətdarlığımı bildirirəm. Çox sağolun. Həyatımı danışsam, təbii ki, vaxtınızı çox alaram. Mən ağır, çətin həm də çox şərəfli bir həyat yolu keçmişəm. 1934-cü ildə indiki Ermənistanda, Qəmərli rayonunun Şiran kəndində anadan olmuşam. Üç yaşım olanda, 1937-ci ildə ermənilər 50 min müsəlman kürdünü Orta Asiyaya sürgün elədilər. Ona görə müsəlman kürdü deyirəm ki, bəzən insanlar yezdi kürdüylə, müsəlman kürdünü qarışdırırlar. Yezdi kürdləri, müsəlman kürdlərindən fərqli olaraq islam dininə qulluq etmirlər. Ermənistanda həmişə müsəlman kürdlərinə qarşı məkrli siyasət yeridiblər. 1937-ci il represiyasında müsəlman kürdləri sürgün olsa da, yezdi kürdləri sürgün olunmadı. Azsayda yezdi kürdləri Ermənistanda qaldı. Yezdi kürdlərini Ermənistanda saxlamaq ermənilərin uzaqvuran məkrli siyasəti idi. Bu iş onlara kürdləri kürdlərlə, həm də azərbaycanlılarla, türklərlə qarşı-qarşıya qoymaq üçün lazım idi. Müsəlman kürdləri Ermənistandan sürgün olunandan sonra, yezdi kürdlərinə Ermənistanda hər cür şərait yaradıldı, radioda kürdcə verilişlər verildi, qəzet, kitabları çıxDı. Akademiyanın nəzdində kürdşünaslıq mərkəzi, yazıçılar birliyində də kürd şöbəsi fəaliyyətə başladı.
Mən təkcə 1-ci sinifi üç dildə üç dəfə oxumuşam. Bizi 1937-ci ildə Qırğızıstana sürgün etdilər. Oş vilayətində məskunlaşmışdıq. Vilayətin ucqar bir kəndində yaşayırdıq. Orada olanda 7 yaşım var idi. Qırğız dilini bilmirdim. Mən qırğızca öyrəndim və 1-ci sinifə getdim. Ancaq 6 ay oxudum. Sonra belə qərar verdilər ki, sürgün olan iki qardaşın evi bir kənddə ola bilməz. Bizi təzədən başqa kəndə köçürdülər. Yeni gəldiyimiz kənddə iş, təsərrüfat ancaq kömür mədənlərində işləmək idi. Bu kəndin demək olar ki, doxsan faizi də ruslar idi. Qırğızlar isə azlıq təşkil edirdi. Kəndə köçəndən sonra rusca öyrənməyə başladım və bir ildən sonra yenidən birinci sinifə getdim.
1947-ci ildə on il sürgün həyatımız bitdikdən sonra müsəlman dünyasının qəddar düşməni, represiya və qırğınların banisi Stalinin belə bir əmri çıxDı: “Sürgün olunanlar geri qayıda bilər” ”. Əslində bu əmr yenicə məskun olanların yaşayışını yenidən dağıtmağa xidmət edirdi. Təzədən Ermənistandan sürgün olan kürd ailələri öz yurdlarına qayıtmağa başladılar. O vaxt Yevlax rayonuna çatanda Ermənilər xəbər tutdular ki, kürdlər geri qayıdırlar. “Qırmızı””””””” Moskvanın əliylə bir gecənin içində qayıtmağımıza mane oldular. Biz Azərbaycanın Yevlax, Goranboy, Xanlar, Samux rayonlarında yerləşdirildik. O, tarixdən, 1947-ci ildən ermənilər əsil yerli, köklü aborigen xalqları təmizləməyə qərar verdilər. Sürgün olan kürdlərin yerinə xaricdən erməniləri gətirib yerləşdirdilər. Məqsəd böyük və məkrli idi. Rus şovinizmindən dəstək alan erməni separatizmi Türkiyə ilə sərhəd zonalarından, sonra isə iç rayonlardan kürdləri və azərbaycanlıları yox eləməklə özlərini o yerlərdə bərkitmək siyasəti yeridirdilər. Bu siyasəti 1988-ci ilə qədər aparırdılar.Əsl torpağın sahibi Azərbaycanlılar, müsəlman kürdlər sonuncu nəfərinə kimi qovuldu, ölümlərlə, işgəncələrlə qarşılaşdı. Biz sürgün olandan sonra xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirdilər. Mən sürgündən Yevlağa qayıdandan sonra iki il məktəbə getmədim, çünki azərbaycanca bilmirdim, dili öyrəndim, 1949-cu ildə isə yenidən birinci sinifə getdim, 1959-cu ildə Yevlaxda orta məktəbi bitirdim.
Atamgil məsləhət gördü ki, ali məktəbi İrəvanda oxuyum. Çünki yurd bizi çəkirdi. İrəvanda pedaqoji institutun yalnız bir bölməsi Azərbaycan dilində idi. Mən Azərbaycan dili və ədəbiyyatı fakultəsinə qəbul oldum. Oxuduğum illərdə girəvə tapıb atamgil Ermənistana qayıtdılar. Yurd həsrəti onları taqətdən salmışdı. Lakin öz kəndimizə qayıda bilmədik. Çünki gəlmə ermənilər kəndi tutmuşdu. Biz Vedi rayonunun Xalisə kəndinə köçdük. Beləliklə nisbətən öz köhnə taleyimizi yaşamağa başladıq. 1960-cı ildən instituta daxil olan vaxtdan bütün təəssüratlarımı, gördüklərimi qələmə almaq arzusu oyandı, məni yazıçılıq çəkməyə başladı. Yazılarım «Yeni yol» qəzetində çap olundu. 1965-ci ildə ilk «Novruz»” adlı kitabım çıxDı. 1964-cü ildə isə artıq institutu bitirmişdim.
- Bu tale yollarında ömrünüzün hansı gününü daha çox xatırlayırsınız və yaxud xatırlamısınız. Sizin üçün ən əziz və ya pis gün hansı olub?
-Ömrümün ən yadda qalan günü 1947-ci ildə sürgündən qayıtdığımız gündü. 13 yaşım var idi. Lakin bütün hadisələr gözümün önündədir. Bu barədə yazmışam da. Ağır günlər idi. Müharibə gedirdi. Aclıq, susuzluq ətrafı bürümüşdü. Biz Yevlax rayonunun Səmədabad kəndinə gəldik. Orada Səkinə xala adında bir qonşumuz var idi. Biz o kəndə yeni gələndə o bizə təndir çörəyi vermişdi. İnanırsız nə o, çörəyi, nə Səkinə xalanı, nə də çörəyin ətrini-dadını heç zaman unutmamışam. Bu dünyada ən gözəl, xoş xatirəm budur.
İkinci ən böyük xoş xatirəm də Bakıya köçməyimdir. 2005-ci ildə isə İraqda, Ərbildə Maqsud Bəzraniylə görüşüm də xoş xatirədi. İraqa dəvət olunmağıma da səbəb isə mənim «Yara”» romanım oldu. Azərbaycan müstəqil olandan sonra Azərbaycanda mili-azlıqlara geniş imkanlar yaradıldı. 1990-cı ildə «Yara» romanım çap olundu. Romanda da kürdlərin sürgünündən bəhs olunur.
- Siz böyük bir tarixi, epoxanı, həm gözlərinizlə görmüsüz, daha doğrusu yaşamısız. 20 il əvvəlin son deportasiyası da o qanlı məkrli siyasətin davamı olub. Bizlər isə qədərincə ayıq olmamışıq.
Qarabağ məsələsi doxsanıncı illərin planı deyil, 1930-dan əvvəlki illərin planıdır. 1937-ci ildə Ermənilər kürdləri, sonra isə hissə-hissə azərbaycanlıları oradan sürgün etdilər.Belə-belə məsələ gəlib bü günə çatdı. Bütün bu işlərin arxasında Qarabağın zəbti dururdu. Bizləri sürgün edə-edə bu arzularını da həyata yetirirdilər.
Sözümün bu yerində o vaxt Ermənistanda başıma gələn bir hadisəni danışmaq istəyirəm.
1964-cü ildə tələbə olanda oranın yataqxananın qapıçısı Poğos adlı erməni idi. O, bizim bütün problemlərimizi həll edirdi. İşıq, su, qaz və digər problemləri. İnstitutun yataqxanasında təkcə müsəlman uşaqları yataqxananın zirzəmisində olurdular. 5 mərtəbəli binanın zirzəmisi kürdə, azərbaycanlıya aid idi. Yuxarı mərtəbələrdə isə erməni tələbələri yaşayırdı. Bir dəfə pəncərələri külək qırmışdı. Poğosa müraciət etmək lazım idi, onu üç gün tapa bilmədim. Üç gün keçəndən sonra onu tapıb dedim: «bəs neçə gündür sizi axtarıram ki, pəncərəni düzəldəsiniz». O da qayıtdı ki, təzə nəvəm olub. Üç gündür ki, onun yanında idim. Biz ermənilərdə belə bir adət var, eli, -dedi. Doğulan uşağın yanında üç gün qalıb, üç gün ərzində uşağın qulağına deməlisən ki, sənin düşmənin türkdü, kürddü. Mən də bunu deyib gəlmişəm, eli. Bu da bir həqiqətdir ki, erməni məkri hər zaman bizləri də qarşı-qarşıya qoymaq istəyindədir.
Bizim erməni bəlasından qurtarmağımız üçün böyük birliyimiz olmalıdır. Onu da deyək ki, Azərbaycanda milli azlıqlara verilən imkan heç bir yerdə, heç bir ölkədə yoxdur. İndi Ermənistanda az sayda yezdi kürdlər qalıb, ruslar demək olar yoxdur. Ancaq biz kürdlər Azərbaycanı özümüzə vətən bilirik. Biz Azərbaycanlılarla çiyin-çiyinəyik. Bu gün bunu anlamayanlara heç kürd demək olmaz. Qarabağ müharibəsində şəhid olan, əsir düşən kürdlər də çox oldu. Bir sözlə Azərbaycan xalqı toxdursa, kürd də toxdur, acdırsa kürd də acdır. Bu gün Qarabağın azadlığı üçün azərbaycanlılarla əl-ələ verib bir yerdə möhkəmik. Qoy düşmən bunu anlasın.
-Sizi ədəbiyyata gətirən əsas nə idi. Dərdli-ələmli günlər yaşamağınızmı, qaçqınlıq-köçkünlüklə üzləşməyinizmi. Bunları əsas götürmək olarmı?
-Ədəbiyyata deyərdim ki, üç yaşımdan gəlmişəm. Məndə üç yaşın təəsüratı çox böyükdür. Üç yaşımda gördüklərim əslində bugün canlı bir ədəbiyyatdır, tarixdir. O, vaxt gördüklərimi heç cür yazmaya bilməzdim.Yazdıqlarım da üç yaşında gördüklərimdən yaranıb. Anamın gözü yaşlı bayatı çəkməsi heç yaddaşımdan getmir. Atasını, anasını, oğlunu, qızını, bacı-qardaşını itirənin göz yaşları mənim bütün yazılarımda əks olunub. Anamla uşaq vaxtı yas yerlərində çox olurdum. Oradakı yaşlı səslər, oxunan bayatılar hələ də qulağımdadır.
Qadınların bayatı deməsi, ağlaması və sürgündə olmağımız, eləcə də qayıtmağımız mənə həyatı tam qavramağı öyrətdi. Həyatı qavramaq isə yazıçılığa gətirir. Həyatımda olan qəmi-kədəri yazmasam olmazdı. Ali təhsil almaqla yazıçılıq etmək olmaz. Yazıçı Allahın verdiyi dərdləri yazan adamlardı. Yazıçı olan kəs xalqının dilini, adət-ənənəsini folklorunu gözəl bilməlidir. Şifahi xalq ədəbiyyatını bilməyən yazıçının yazdığı əlbəttə gərəksizdir. Xalqının folklorunu, etnoqrafiyasını bilməyən əlinə qələm almamalıdır. Bax insan yazıçılığa belə gəlir, belə də gəlməlidir.
Mən şifahi xalq ədəbiyyatını çox dəyərləndirirəm. Azərbaycan şifahi xalq ədəbiyyatını uşaqlığımdan bu yana oxuyuram, öyrənirəm. Azərbaycan folkloru da mənə çox şey verdi. İkinci həyat məktəbim oldu. Erməninin isə şifahi xalq ədəbiyyatı yoxdur. Bu gün oğurlayıb yiyə çıxmaq istədiyi də türklə kürdünküdür. Oynadıqları da bizim havalardır, hələ demirəm adları-soyadları nədir. Nədir “Köçəri””” havası? Bizlərin havalarıdır. Bəlkə də köçkünlüyümüzün-itkinliyimizin havasıdır.
Ədəbiyyat sizin üçün nədir?
-Ədəbiyyat mənim həyatımdı. Mən ədəbiyyatsız yaşaya bilmərəm. Ona görə ki, xalqın bütün həyatını ədəbiyyatda görmək , göstərmək mümkün olur.
Bilirsiniz, Şərqdə poeziya çox inkişaf edib, nəsrsə az. Kürd ədəbiyyatında da XIX əsrin I yarısına qədər poeziya öndə olub. Nəsr zəif olub. Yaradıcılığa hekayəylə başlamışam. Kürd ədəbiyyatına nəsr sahəsində nə isə verə bilmişəm. Bir də o var ki, yazıçını gərək xalq qəbul eləsin. İkinci yol olmur.
-Hekayələrinizi, nəsr əsərlərinizi oxumuşam. Ən təsirli əsəriniz bəlkə də «Yara» romanınızdır. Qənaətim budur ki, sizin yaradıcılığınızda folklor çox öndədir. Bu əsərləri oxuyan oxucu ağrı-dərd həsrət görür. Yazdıqlarınız tale işidir. Daha çox xalqın dilindən, folklorundan bəhrələnmisiniz. Yazıçı Əhməde Həpo üçün folklor daha nədir?
-Folklor yazılmayan, eləcə də yazılan tarixdir. Əgər folklor, xalq ədəbiyyatı olmasa millət də olmaz. O, millətin tarixi, hətta taleyi olmaz. Şifahi xalq ədəbiyyatı, folklor xalqın ruhudur, xalqın adət-ənənəsinin toplusudur. Ana balasını, körpəsini bayatıyla mayalandırır. Layla oxumayan, bayatı çağırmayan ana körpəsini kökündən uzaqlaşdırır.
-Siz «Qlavlit» deyilən bir idarədə çalışmısınız. Deyərdim ki, sovet dövründə o idarədə işləmək sizin üçün çox çətin idi. Boynunuzda ağır işlər olub. O ağır işlərin də öhdəsindən gəlmək təbii ki, asan iş olmayıb. Maraqlıdı qadağa qoyulan işlərin qabağında yaşıl işığı necə yandırmısınız?
- Hər bir dövrün öz çətinliyi var. Doğru buyurdunuz ki, o vaxt qadağalar çox olub. Sovet rejiminin kəsən qılıncı var idi. Kimləri çap etmək olmaz, və ya çap etmək olar. Bu barədə bizə Moskva göstəriş verirdi. O vaxt ədəbiyyat sahəsində olanların 80 faizində vətənpərvərlik, azadlıq hissi güclü idi. Xəlil Rzayla, Bəxtiyar Vahabzadəylə dost idim. Söhrab Tahirin taleyini mən də yaşamışam. Ana həsrəti çəkənin, yurdundan didərgin düşənin şeiri elə mənim öz içimdir, öz dərdlərimdir.
Yoluna qoyulası ən cəncəl çətin işlərin həll yolunu tapırdım. Bu işdə səbr, səbrli olmaq çox karıma gəlib.
Ömrü boyu halal yaşamışam, haram tikə yeməmişəm, rüşvət almamışam. Səsim də həmişə gur gəlib. Azərbaycanın hər qarışı mənim üçün doğmadır. O, vaxt da bütün bölgələrdə yaşayan yaradıcı adamlara əlimdən gələni etmişəm. İndi etdiyimdən çox məmnunam. Ona görə ki, yaxşı işlər görmüşəm, çox yazıçı, şairə əsərinin çıxmasında xidmətlərim olub.
-Uzun illərdir ki, Azərbaycan Radiosunda çalışırsınız. Kürd redaksiyasına başçılıq edirsiniz. İndi də bu barədə danışaq. Sizin və həmkarlarınızın redaksiyada gördüyü işlər barədə.
-Azərbaycan radiosu mənim üçün çox müqəddəs bir yerdir. Zaman-zaman burada böyük şəxsiyyətlər, istedadlı insanlar çalışıb. İndi də çalışır. Radiodan Qarabağın azad olunacağı günü səsləndirmək ən böyük arzumdur. Xalqlarımızın dostluğuna aid verilişlər hazırlayırıq. Azərbaycan və türk dilində lüğət veririk, musiqilər səsləndiririk. Azərbaycan və kürd ədəbiyyatından verilişlər hazırlayırıq. Hər iki xalqa xidmət edirik.
-Kürdlərlə, azərbaycanlılar, türklər həmişə mehriban yaşayıblar. Amma kürd kartından istifadə edənlər də az deyil. Qardaşlaşmış xalqları qarşı-qarşıya qoymaq düşmən üçün çox vacibdir. Bu məkrli siyasətdən yuxarıda da danışdıq.
-Əsrlərdi bu xalqlar bir qazandan yeyib, bir bulaqdan su içir. Bu faktdır. Tarix də bunu deyir. Biz bir-birimiznən qaynayıb-qarışmış xalqıq. Bu gün o qara qüvvələr, əsas da ermənilər kürdlə-türkün savaşına maraqlıdır.
Bəzi müxalifət qəzetləri bu sahədə erməni dəyirmanına su tökür. Onların əlinə fakt verirlər. Guya Azərbaycan ərazisinə kürdlər köçürülür, bunun isə heç bir əsası yoxdur. Belə şayələrdən erməni məharətlə bəhrələnə bilir. Necə ki çox bəhrələnib. Ölkəmizin sərhəddi də, ordusu da güclüdür. Belə yazılar yazmaqla düşmənə informasiyalar ötürmək olmaz. Guya Azərbaycanın sərhədi açıqdır? Sapı özümüzdən olan baltalar çox ziyanlar vura bilir.
Bir də onu deyim ki, XXI əsr siyasət əsridir. Biz siyasətimizdə uduza bilmərik.
-Yaradıcılığınızdakı yeniliklərdən nə deyərdiniz?
-Bir ağır roman üzərində işləyirəm. Bu əsər əsasən xatirələr üzərində qurulub. Bir xatirəm də «Qlavlit»də işlədiyim illərə həsr olunub. Orada da maraq doğuran məsələlər açıqlanır.
1937-ci ildə sürgün olan şair və yazıçılarımız çox olub. Onların ruhları qarşısında baş əyirəm. 1937-ci ildə sürgün onlanlarla müasir Azərbaycan şairlərini müqayisə etsək görərik ki, onlar Xəlil Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə və başqaları qədər odlu-alovlu yazmayıblar. Bəs niyə onlar tutuldu getdi, güllələndi? 70-ci illərdən bəri gələnlərin arxası oldu. Amma 1937-ci ildə sürgün olanların arxası yox idi. 1970-ci illərdən bəri gələnlərin arxasında isə müsəlman dünyasının, türk dünyasının böyük oğlu Heydər Əliyev dayanırdı. Biz də qlavlitdə Heydər Əliyevə arxalanıb xalqımıza xeyir verən işlər görürdük.
-Yayda necə istirahət elədiniz?
-İstirahəti elə də sevən adam deyiləm. Uşaqlığımdan belə daim işləmişəm, əziyyət-zəhmət çəkmişəm. Yayı demək olar ki, daim işimdə-gücümdə keçirtdim. Mənim üçün istirahət işdir, zəhmətdir.
Allah yaratdığı bəndəsini zəhmət çəkmək üçün yaradır. Zəhmət çəkməyəni Allah sevməz. Bu yaşımda ailənin, bacının, qardaşın, qohum-əqrabanın problemini həll etməyə çalışıram. Hər gecə də yazı yazıram. Yazı ən böyük zəhmətimdir. Həyat, yaşamaq əməkdədir. Mən yazıçılar, jurnalistlər birliyinin üzvüyəm. Bu günə kimi oranın poliklinikalarından istifadə etməmişəm. Orada sağlamlıq kartım belə yoxdur. Ona görə ki, daim işdə-gücdə olmuşam. Sağlam həyata ancaq zəhmətlə nail olmaq olur.
-İşlədiyiniz kollektivdə fikir vermişəm hamı istəyir ki, sizlə görüşsün, hal-əhval tutsun. Maraqlıdır, niyə sizi hamı belə çox istəyir. Bunun sirri nədir?
-Məni çox çətin sual qarşısında qoydunuz. Heç vaxt, heç kimdən gözləmədiyim bir sualdı. Cavab vermək çox çətindir. Ən yaxşı cavabı məni doğrudan da əgər çox istəyənlər varsa onlardan soruşun. Ən orijinal cavab yəqin ki, onlarda olar.
-Əhməd müəllim, müsahibə üçün çox sağolun.
-Siz də çox sağolun ki, mənə belə maraqlı və mənalı suallar verdiniz.
P.S. Özümlə götürdüyüm iki altmış dəqiqəlik kaset buradaca dolur. Bu müsahibə zamanı mən Əhməd müəllimi bəlkə də daha yaxından tanıdım. Bir də o var ki, bu iki kaset dolu söhbət, səs yazısı mənim arxivimdə qalacaq. Təbii ki, bu da bir xatirat olacaq. İndi isə bu müsahibəni oxucuların, sizlərin öhdəsinə buraxmağım qalır. Bu söhbətdən kim nə götürə biləcək. Kim özü üçün nəyi və necə aydınlayacaq. Mənimsə qazancım bu olacaq.

Savalan TALIBLI
Azərbaycan Radiosunun əməkdaşı

Attached Files


  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users